Sevdalı kino

Description
Advertising
We recommend to visit

In telegram: @othmen
تعاملات :- @wwttt3 .

Last updated 2 months, 1 week ago

Last updated 3 months, 3 weeks ago

3 months, 2 weeks ago

Türk seriallarında aktyorların əksəriyyətinin oyunu bir birindən fərqlənmir: eyni cür ağlayırlar, kədərlənirlər, qəzəb (hirslənən kimi də əşyaları sındırıb dağıdırlar) və sevgilərini ifadə edirlər, təəcüblənirlər, heyrətlənirlər və s. Baş rolları oynayan aktyorların çoxu fərqli seriallarda demək olar ki, obrazların fərdi xüsusiyyətlərini göstərmir, ya göstərə bilmir. Bu, onların çoxunun keçmiş model olması ilə əlaqəli deyil. Ona qalsa, Kvanç Tatlıtuğ da model olub. Amma onun "Aşkı memnu"dakı ifası ilə "Kuzey Güney" dəki ifası arasında nə qədər kəsin fərq var. Yaxud "Ailə" serialında sadəcə səsi, intonasiyası, gözləri ilə obrazına indiviuallıq qazandıran Kvanç var.
Aktyorun obrazını, ilk baxışda xırda görünən vərdişlərlə təqdimatı vacibdir. "Yarğı"da Pınar Denizin personajı həyəcanlananda təngnəfəs olur və su içməyə başlayır (düzdür, bəzi epizodlarda onun da zəif ifası var). Bu kimi detallar obrazın bütünlüyü, fərdiliyi üçün vacibdir.
Aktyorun həyat təcrübəsi onun rollarına sözsüz ki, təsirini göstərir. Ərini vaxtsız itirmiş Özgü Namal uzun fasilədən sonra kinoya qaytdı, yaşadığı itki, sarsıntı onun "Kızıl Gonçalar"dakı rolunu dərin və dolğun oynamasına imkan verir. Ümumən isə türk seriallarında ikinci plan aktyorları (Uğur Hakan Polat, Erkan Avçı, Kannda ən yaxşı qadın roluna görə mükafat almış Merve Dizdar və d) əksərən baş rol ifaçıların oyununu kölgədə qoyur.
Bəxti gətirmiş aktyorlardan biri Halit Ergencdir. "Möhtəşəm yüz il" də o, aktyor kimi zəhmət çəkmir, qadınları qucaqlayıb, öpüb-oxşayıb, yüksək qonorarını alıb qoyub cibinə.

3 months, 3 weeks ago

İngilis rejissoru Maykl Pauellin, dövrünə görə novator sayılan, Antonioninin “Blowup”, Brayan de Palmanın “"Dressed to Kill" filmlərinə təsir göstərmiş "Peeping Tom" (1960) onun karyerasında böyük çata səbəb olmuşdu...
Pauell bankdakı işini ataraq, çəkiliş meydanlarında yemək, qəhvə daşıyıbmış. Sonralar Hiçkoka, onun ilk filmlərinin ssenarisini yazmaqda kömək edib. 1930-cu illərdən azbüdcəli trillerlər və komediyalar çəkməyə başlayıb.
"Peeping Tom" filminin süjetinə görə, kinooperator köməkçisi Mark modelləri, fahişələri, aktrisaları çəkəndə ştativin iti ucları ilə onları qətlə yetirir və bu prosesi lentə alır. Sonra isə o, cinayət yerində araşdırma aparan polislərin fəaliyyətini çəkir...
Senzura nəticəsində çılpaq qadın təsvirləri filmdən yığışdırıldı, qətl hadisələrinin əks olunduğu kadrlar qısaldıldı. Cəmiyyəti qıcıaqlandıran həm də rejissorun “Qırmızı başmaqlar”dan sonra məşhurlaşan balerina Moyra Şireri qurban roluna çəkməsiydi.
Şirkətlər onun layihələrini maliyyələşdirməkdən imtina etdilər və rejissor Amerikada, Avstraliyada çalışmağa məcbur oldu. Film baş rolun ifaçısı Byomun karyerasına da təsir etdi. Tamaşaçılar onu “Sissi” filmindən imperator Frans İosif roluna görə sevmişdilər. Ona görə aktyorun manyak qatil obrazını həzm edə bilmirdilər.
Zorakılığın açıq nümayişinə görə film bəzi Avropa ölkələrində qadağan olundu.
İllər sonra film ən yaxşı trillerlərdən biri sayıldı. Məhz burda ilk dəfə qətlin törənməsi zamanı qatil göstərilir, bu isə tamaşaçını qurbanın yox, qatilin hisslərini bölüşməyə vadar edir. Başqa bir cəhət, rejissorun qətl hadisəsini bir növ, filmin necə yaranması prosesi kimi təqdimatıdır. Ona görə səhnələr hissələrə ayrılaraq, müxtəlif baxış bucaqlarından göstərilir.

3 months, 3 weeks ago

"Orxan Fikrətoğlunun informasiya manipulyasiyası" yazımı kulis-də yayımlamışdılar. Orxan müəllim yazımı saytdan çıxartdırıb. Müəllim, tənqidə dözümlü olun))

3 months, 3 weeks ago

Orxan Fikrətoğlunun informasiya manipulyasiyası
Hazırda Venesiyada kinofestival keçirilir və Azərbaycanı tədbirdə Kino Agentliyi təmsil edir. Kino Agentliyinin rəsmi facebook səhifəsində, həmçinin, saytlarda festivalda iştirakla yayılan informasiyada manipulyativ məqamlar var və belə başa düşürəm ki, bu, təcrübəli jurnalist Orxan Fikrətoğludan qaynaqlanır.
Saytlarda yayılan məlumatda deyilir:
"Azərbaycan kinosu tarixində ilk dəfə olaraq, festivalda iki film nümayiş olunub. Bunlar İkinci Qarabağ müharibəsinə həsr olunmuş rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və XX əsr Azərbaycan memarlığını əks etdirən rejissor Şamil Əliyevin “Yaradanlar” filmləridir".
Birinci cümlədəki "Azərbaycan kinosu tarixində ilk dəfə olaraq" hissəsi oxucuları və festivallar haqda detallı bilgiləri olmayan saytları (mədəniyyət üzrə müxbirləri) asanlıqla tələyə salır. Təsəvvür yaranır ki, Azərbaycan ilk dəfə Venesiya festivalına qatılır və hər iki film festivalın hansısa mühüm proqramında iştirak edir. Hətta bəzi saytlarda məlumat belə başlıqla yayılıb: "Filmlərimiz ilk dəfə Venesiya festivalında"
Venesiya festivalında Əsas müsabiqə, Horizontlar, Qısametrajlı filmlər müsabiqəsi, Müsabiqədənkənar baxış, Venesiya klassikası, Sconfini (eksperimental işlər, janr filmləri, arthauslar və s nümayiş olunur) və digər proqramlar var. Bəz bizim filmlər hansı proqamdadır? Təbii ki, Əsas müsabiqədə, Horizontlarda, hətta Qısa film müsabiqəsində də yoxdur. Çox güman ki, sadəcə müsbiqədənkənar nümayiş olub. Amma bu məlumat belə dəqiq deyil. Bəlkə heç nümayiş də olmayıb.
ARKA nın rəsmi səhifəsində isə belə yazılır:"Festivalda Azərbaycan kinosu tarixində ilk dəfə olaraq üç film təqdim olunub" (??). Yenə "ilk dəfə" sözü manipulyativ xarakter daşıyır. Və hansı üç filmdən söhbət gedir? Yəqin ki, Orxan müəllim İlqar Nəcəfin "Quşlar susanda" layihəsini film kimi sırıyır və yumşaq desək, bizi ələ salır. Məlumatda daha sonra yazılır:
"Festival çərçivəsində ARKA-nın təşkil etdiyi müsabiqədə qalib gələn layihələrin xarici şirkətlərlə birgə istehsalı üçün prodüserlərin cəlb olunması məqsədilə təqdimatlar da keçirilib. Rejissor İlqar Nəcəfin “Quşlar susanda” film layihəsi ilə yanaşı, ARKA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək digər film layihələri də xarici prodüserlərə təqdim edilib". Niyə məhz "Quşlar susanda" layihəsi xüsusi vurğulanır? Və Orxan müəllim festivalda hansı prodüserlərlə görüşüb? Bu barədə heç bir məlumat verilmir.
Azərbaycan kino tarixində ilk dəfə Elçin Musaoğlunun "Nabat"ı bu festivalın Horizontlar proqramında göstərilib. Daha sonra yenə də ilk dəfə Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" (müştərək layihədir) Venesiya festivalının əsas müsabiqəsinə düşüb. Amma ARKA nın facebook səhifəsində bu faktlar qeyd olunmur, saytlarda isə yalnız Hilal Baydarovun iştirakı sanki qəsdən dilucu və qeyri dəqiq şəkildə yazılır:
"Qeyd edək ki, vaxtilə bu nüfuzlu festivalın tarixində azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi də əsas müsabiqə proqramında yer alıb". Cümləyə "ilk" sözü salınmır və "də" bağlayıcısı ilə Hilal Baydarovun iştirakı əhəmiyyətsizləşdirilir.
Əslində cümlə belə olmalıydı: "Qeyd edək ki, Azərbaycan kinosu tarixində ilk dəfə Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi Venesiya Kino Festvalının əsas müsabiqə proqramında yer almışdı".
Orxan Fikrətoğlu bununla da kinoda öz rolunu əhəmiyyətini böyütmək istəyir və fikir formalaşdırmağa çalışır ki, məhz onun ARKA ya rəhbərliyi dövründə kinomuz ilk dəfə Venesiya festivalına qatılıb. Təəssüf ki, nazirliyin mətbuat xidmətinin rəhbərliyi də bilgisizlikdən və ya qeyri peşəkarlıqdan informasiyanı emal etmədən, yanlışları düzəltmədən yayır.p.s.Dostlar yadıma saldılar.Daha əvvəl, 2003-cü ildə Murad İbrahimbəyovun "Neft" filmi (Azərbaycan,Rusiya)Venesiya Kinsofestivalında
Ən yaxşı qısametrajlı filmə görə "Gümüş Şir" Mükafatını alıb.

3 months, 3 weeks ago

Elçin Musaoğlunun təzəlkcə yayımlanmış "Məryəm" bədii tammetrajlı filminin tizerini yəqin ki, görənlər olub. 1.24 saniyəlik tizerdə Tarkovskinin "Nostalgiya", "Güzgü" və Trierin "Doqvil" filmindən tanış kadrları da sezənlər olmamış deyil. Müəllifin hər hansı rejissorun yaradıcılığına istinadı normaldır, dünya kinosunda bunun yüzlərlə örnəyi var. Kiməsə istinad ya ironik (postmodernizm estetikaya əsasən) xarakter daşıyır, ya da o yeni mənalarla yüklənərək tamamilə fərqli kontekstdə təqdim edilir. Məsələn, Con Burmen "Point Blank" (1967. Burmen maraqlı rejissordur, filmlərini tövsiyə edirəm) trillerinin bəzi epizodlarında Alen Renenin "Last Year at Marienbad"dakı montaj texnikasından, kompozisiyadan, demək olar ki, oxşar məkan və kamera baxış bucaqlarından istifadə edir. Amma səhnələrdəki fərqli məqsəd, tapşırıq, məzmun, personaj, intonasiya, ritm və s. sayəsində rejissor onu "kopya" etmir, özününküləşdirir. Yaxud, Eyzenşteynin məşhur Odessa pilləkənləri ilə uşaq arabasının diyirlənməsi səhnəsini Brayan de Palma "The Untouchables" filmində öz üslubuna, hekayəsinə uyğunlaşdırır.
Elçin Musaoğlu, kino cameəmizdə Tarkovskinin yaradıclığını həqiqi mahiyyətini anlayan az adamlardan biridir. "Məryəm"də ondan necə bəhrələndiyini isə bilmirəm. Hərçənd, tizerdən aldığım informasiya yeni nəsə etdiyini demir təəssüf ki. Hər halda filmə baxanda daha aydın təsəvvür yaranacaq.

3 months, 4 weeks ago

"Tağıyev:Neft" filminin treyleri yayımlanıb. Yaradıcı heyəti təbrik edirəm, prokatda olsa baxacam. Təsvirlər keyfiyyətlidir, dekorasiyalar, məkanlar əladır və dövrün atmosferini hiss edirsən. Lakin treyleri zəif işləyiblər, cəlbediciliyi yoxdur, dublayjda qüsurlar var, xüsusən, uşağın danışığındakı qeyri təbiilik qulağı narahat edir. Qurban İsmayılov yenə ənənəvi manerasında oynayıb, hər halda treylerdən aldığım ilk təəssürat bu oldu.
Treylerə kinoinfo.azın səhifəsindən baxdım. Və xəbər lentində gözümə Orxan Ağazadənin, "Kinomexanikin qayıdışı" tammetrajlı sənədli filminin Cənubi Koreyada EIDF EBS Kino Festivalında Qran-Priyə layiq görülməsi xəbərini oxudum. Orxanı təbrik edirəm, çox istedadlı rejissordur. "Kinomexanikin qayıdışı"nın treyleri yaradıcı işlənib, hekayənin ruhunu duyursan.

6 months, 3 weeks ago

Heydər Əliyev 1994 cü ildə Məhəmməd Füzulinin 500 illiyi ilə bağlı Dövlət Komissiyasının iclasındakı çıxışında kinostudiya və onun idarəçiliyilə bağlı çox haqlı, bugün də aktual olan fikirlər səsləndirib:
“Oqtay Mirqasımov çıxışında dedi ki, kinostudiyanın çətin problemləri var və Rasim Balayevlə birlikdə mənimlə görüşmək istəyirlər. Prezident Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə kino, teatr xadimlərinin mənimlə görüşmək istədiklərini xəbər vermişdir. Mən özüm də çox istəyirəm ki, bizim elm, mədəniyyət adamları ilə görüşüb onların problemlərinə kömək edim, yaxud heç olmazsa, dərdlərini yaxından bilim və mənəvi ürək-dirək verim. Lakin buna, sadəcə olaraq, vaxtım çatmır.
Kinematoqrafiyanın problemlərindən müəyyən dərəcədə xəbərim var. Ancaq bunları təkcə mən həll etməliyəm? Axı bizim çoxlu müvafiq orqanlarımız var. Baş nazirin mədəniyyət məsələlərinə baxan müavini Elçin Əfəndiyev də bununla maraqlanıb. Həll edin, nəyəsə gücünüz çatmırsa, bu başqa məsələdir. Ancaq elə şeylər var ki, orada güc çatmamaqdan söhbət gedə bilməz. Məsələn, deyirlər ki, kinostudiyanın əsas binasında kababxana, daha nələr var, otaqları satıblar. Bunun nə dərəcədə həqiqət olduğunu bilmirəm. Mənə böyük bir arayış təqdim ediblər ki, AzərTAc-ın yerləşdiyi binanın yarısından çoxunu kimlərsə satıblar, bank, mağaza açıblar. Axı necə ola bilər ki, dövlətin mülkiyyəti sayılan binanın yarısını ona-buna satsınlar? Əgər bütün bunlardan agentlik üçün müəyyən bir maddi xeyir gəlirsə, bəlkə də buna göz yummaq olardı. Deyildiyinə görə, bəzi mədəniyyət ocaqları da kommersiya strukturlarına verilir.
Əgər mədəniyyətdən söhbət gedirsə, AzərTAc da, kinostudiya da, teatr da mədəniyyətdir. Onun 70-80-ci ildə yaranmış maddi-texniki bazasını hərə öz şəxsi mənafeyi üçün dağıdacaqsa, biz nə etməliyik? Həmin binalar xalqın, dövlətin vəsaiti hesabına tikilmişdir. Kinostudiyanın binası kimi tikililərə nə qədər vəsait qoyulmuşdur? Axı bütün bunlar xalqın cibindən getmişdir. İndi ola bilərmi ki, bir neçə adam şəxsi mənafeyi üçün bundan istifadə etsin? Nizami kinoteatrı və AzərTAC yerləşən binalar memarlıq abidələridir. Böyük memarlarımız Sadıq Dadaşovun və Mikayıl Hüseynovun layihələri əsasında tikilmişdir. Bakını bəzəyən, gözəlləşdirən binalardır”.
Nazim Hüseynovun “Azərbaycanfilm”dən getməsi, kinostudiyanın problemlərini yenidən gündəmə gətirdi. 14 hektarlıq ərazsindən 7 hektarı qalan, demək olar ki, ölü bir quruma çevrilmiş “Azərbaycanfilm”in taleyi ilə bağlı Prezident Adminstrasiyasının humanitar siyasət məsələləri şöbəsinin rəhbərliyinin fikri və mövqeyi, həmçinin Mədəniyyət Nazirliyinin rəhbərliyinin hansı addımlar atacağı düşünürəm ki, nəinki mənə, bütün kino ictimaiyyətinə maraqlıdır. “Azərbaycanfilm” milli kino mədəniyyətinin təməlidir, daşıyıcısıdır, tarixdir!

6 months, 3 weeks ago

Sabah saat 7-də "Azərbaycan" CinemaPlus-da sovet kinosunun parlaq rejissorlarından biri Aleksey Germanın "Müharibəsiz 20 gün" bədii filmi dilimizdə göstəriləcək. Germanın filmləri sovet dönəmində senzuraya çox məruz qalıb. “Müharibəsiz 20 gün” arxa cəbhədəki sovet adamlarının gerçək ovqatının təsviri baxımından unikaldır. Filmi Əli Zeynalov, Əminə Yusifqızı, Səməndər Rzayev, Şəfiqə Məmmədova səsləndiriblər.
Giriş sərbəstdir.

7 months ago

Gec də olsa, bir ara müzakirə olunan-aktyorlarımızın kitab oxuyub-oxumaması məsələsi ilə bağlı bəzi fikirlərimi bölüşüm. Aktyorun kitab oxuyub oxumaması onun şəxsi işidir. Amma bütün hallarda aktyor roldan rola işinin keyfiyyətli alınmasından ötrü yaxşı araşdırmaçı olmağı bacarmalıdır. Tutalım, “Aydın” tamaşasında Aydın obrazını oynayan aktyorun Cabbarlının yaradıcılığı haqda təsəvvürü olmalı, pyesin əhatə etdiyi illərin mühitini-tarixi-siyasi, sosial, məişət şəraiti haqda araşdırmalara nəzər salmalı, ona qədər bu rolu ifa edən aktyorların Aydını necə təqdim etdikləri haqda məlumatı olmalıdır və s. Bu, onun peşə borcudur, peşəkarlığına hörmətidir. Söhbət bədii ədəbiyyatdan gedirsə, mən bir müddətdir ki, bədii ədəbiyyat oxumuram, oxuya bilmirəm. Bəzən hekayələr istisna olmaqla. Son dəfə oxuduğum roman Əli Əkbərin “Emiqrant”ı olub, birnəfəsə oxumuşam. Ümumilikdə isə sosioloji, tarixi, iqtisadi, siyasi analizləri oxumağa üstünlük verirəm (ixtisasıma aid kitablar da öz yerində), Teleqramda da iqtisadi, siyasi kanalları daha çox izləyirəm. Yaradıcı adamın (rejissor, aktyor, dramaturq, ssenarist, operator, rəssam, bəstəkar) təkcə istedadı yetərli deyil, nə qədər banal səslənsə də, o, axtarışda olmağa məhkumdur. Fikir verirəm, hətta Əlixan Rəcəbov da axtarışdadır) Ümumiyyətlə, ətalətdə yaşayan Kino Agentliyindən başqa hamı nəsə axtarır)

8 months, 3 weeks ago

Erməni-fransız rejissoru Aleksis Pazumyanın Qarabağdan bəhs edən The Black Garden tammetrajlı filminin yaxınlarda Kopenhagen beynəlxalq sənədli film festivalında premyerası olub. Fransa və Belçikanın birgə istehsalı olan filmin bir hissəsi Talış kəndində çəkilib və Azərbaycan əleyhinədir.
İordaniya əsilli erməni rejissoru Sarin Xayrabedyan My Sweet Land tammerajlı sənədli filmində İkinci Qarabağ müharibəsi fonunda 11 yaşlı uşaqdan danışır. Nare Leone Ter Qabrielyanın Silenced filmi də eyni mövzudadır.
Dövlət büdcəsi hesabına - 1 milyon manata çəkiləcək “Borc” tammetrajlı bədii filminin nümayişini gözləyirəm. Bir daha xatırladım, süjetə görə, kredit borcu olan şəxs müharibəyə könüllü gedir ki, borcu bağlansın. Müharibədə həqiqi borcun vətənə borc olduğunu anlayır. Klişe bir süjet və klişe olduğu üçün də rejissura baxımından yüksək peşəkarlıq tələb edən iş... Əslində Qarabağ haqda bu məzmunda bir filmin çəkilməsini dövlət maraqlarına uyğun saymıram. Üstəlik, “Borc”un ssenarisi film müsabiqənin qaydaları pozularaq pitçinq günü təqdim edilmişdi və nəticədə digər iştirakçıların hüququları pozulmuşdu. Əgər film alınmazsa, məsuliyyətini hər şeydən əvvəl Orxan Fikrətoğlu və Ekspertlər Şurası daşıyacaq.

We recommend to visit

In telegram: @othmen
تعاملات :- @wwttt3 .

Last updated 2 months, 1 week ago

Last updated 3 months, 3 weeks ago