Şərqə Baxış

Description
Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

4 months ago

2000-ci illərdə bu tipli “təcrübə”lər mümkün idi. ABŞ öz iqtisadi və siyasi gücünün zirvəsində idi və təkqütblü dünya sistemi yaşanırdı. İndi isə Uzaq Şərqdən Çin yüksəlir. Avropada Rusiya, Asiyada isə Çin təhdidinin artdığı bir vaxtda ABŞ-ın Yaxın Şərqdə yenidən eksperiment etməsi, burada böyük resurs və vaxt itirməsi ağlabatan deyil. Ciddi siyasi-ictimai qütbləşmə yaşayan ABŞ cəmiyyətini də Yaxın Şərqdə yeni bir böyük müharibəyə “hazırlamaq”, onminlərlə amerikan hərbçisini İranın işğalına səfərbər etmək variantları da real görünmür.

Uzun sözün qısası, İsrailin təzyiqlərinə baxmayaraq ABŞ rəhbərliyi “Tehranda sonrası necə olacaq” sualına cavab tapmadıqca, İran məsələsində də İraqda etdiyi səhvləri təkrarlamaq istəmir. Hətta, İsrailə maksimum dəstək göstərən və İrana qarşı olduqca sərt mövqe sərgiləyən Tramp hakimiyyətə gəlsə belə, Pentaqonun İranla regional müharibəyə getməsi inandırıcı deyil. Ümumiyyətlə, İran məsələsini regional müharibə ilə həll etmək mümkün görünmür.

@serqebaxis

4 months ago

İsmail Haniyə sui-qəsdindən sonra Yaxın Şərq regional müharibənin bir addımlığındadır. Ötən 3 həftə boyunca İran cavab addımına hazırlaşdığını bildirir, İsrail isə mümkün böyük bir hücuma qarşı İranı ölkənin strateji obyektlərinə zərbələr endirməklə təhdid edir. Aprel ayında yaranmış analoji vəziyyətdə ABŞ araya girərək, gərginliyin kontrollu şəkildə azaldılmasına nail olmuşdu. ABŞ bu dəfə də İranı İsrailə qarşı cavab addımında ölçülü davranmağa məcbur etməyə çalışır.

Ümumilikdə son proseslər bunu bir daha təsdiq edir ki, Yaxın Şərqdə iplər hələ də ABŞ-ın əlindədir. Amerikan aviadaşıyıcılarının Yaxın Şərqin sularına daxil olması kifayət edir ki, bölgənin dinamikası dəyişsin. Bir sözlə, ABŞ-ın regiondandakı hərbi imkanları son illərdə nə qədər azalsa da, dənizlərdəki hegemoniyası Yaxın Şərqin hələ də amerikan nüfuz dairəsi kimi qalmasına bəs edir. ABŞ isə Yaxın Şərqdə yeni böyük müharibə yerinə, İsrail-İran gərginliyinin yenə də kontrollu səngidilməsində maraqlıdır.

Məlumdur ki, İsrail və yəhudi lobbisi İran məsələsinin birdəfəlik həlli üçün uzun müddətdir ABŞ hökumətinə təzyiq göstərir. İsrailin arqumenti budur ki, bölgədəki stabilliyi təhdid edən proksi qrupların himayədarı İrandakı molla rejimidir, ona görə də nüvə silahı əldə etmədən “ilanın başı əzilməlidir” ki, regiondakı gərgin vəziyyət sakitləşsin. Amma İrandakı rejimin dəyişməsi nə deməkdir və bu necə olacaq? Regional müharibə İranda rejim dəyişikliyi yarada bilərmi?

Deyək ki, Tehran nüvə silahı əldə etmədən ABŞ hərbi müdaxiləyə qərar verdi, İranın strateji enerji və hərbi obyektlərini bombaladı, dini rejim zəiflədi və rejim dəyişikliyi baş verdi (ki, quru qoşunlar vasitəsilə işğal baş vermədikcə, bu ehtimal da çox azdır). Bəs Tehranda hakimiyyətə kimlər gələcək?

50 ilə yaxın vaxt ərzində Qərb İrandakı dini rejimə alternativ bir siyasi qüvvə yaratmayıb, yarada bilməyib və ya yaratmaq istəmiyib. Aradabir 1979-cu ildə xalq tərəfindən devrilmiş Şahın oğlu Rza Pəhləvi gündəmə gətirilir ki, molla rejimi devrildikdən sonra Pəhləvilər İrana geri qayıdacaq. Ancaq və lakin, xalq tərəfindən qovulmuş Pəhləvilər İranda yenidən qəbul ediləcəkmi və onlar strateji obyektləri bombalanmış İranda stabillik yarada biləcəkmi?! Nəzərə alsaq ki, İranda bir neçə separatist hərəkat fəaliyyət göstərir, o zaman mərkəzi hakimiyyətin zəifliyi 90 milyon əhalisi olan ölkədə onillər boyu davam edəcək böhran və qarışıqlığa gətirib çıxara bilər. İranda alovlanacaq kürd, ərəb və bəluc separatizmləri ətraf ölkələrin də stabilliyini pozacaq. Milyonlarla yeni qaçqın və qlobal enerji qiymətlərində kəskin artış da ortaya çıxacaq nəticələr arasındadır. İndiki məqamda ABŞ və Qərbə parçalanaraq Yaxın Şərqi və ətraf ölkələri xaosa çevirəcək bir İran lazımdırmı?!

Rasional prizmadan baxsaq, heç bir dövlət nəticədə ortaya çıxacaq vəziyyəti idarə edə bilməyəcəyi bir ssenariyə getməz. Məsələn, 2022-ci ilin fevralında Rusiya Kiyevə girərkən şübhəsiz ki, Zelenskinin devrilməsindən sonrakı prosesə, yəni hakimiyyətə kimlərin gətiriləcəyinə hazırlaşmışdı. “Əsas odur bu addımı ataq, sonrasına baxarıq” düşüncəsi sadəcə olaraq xaosa zəmin hazırlamaqdır. Necə ki, Buş hökuməti 2003-cü ildə Səddamı devirərkən, İraq üçün keçid ssenarisi hazırlamamışdı. İddiaya görə, Buş hökuməti düşünürmüş ki, əsas odur Səddam devrilsin, sonra xalq küçəyə çıxar, sürgündəki qərbpərəst İraq müxalifətini Bağdada qaytarmaqla keçid hökuməti qurular, problem həll olunar. Bəlkə də bir çoxlarının düşündüyü kimi həqiqətən də Buş hökumətinin əsas məqsədi Yaxın Şərqə və İslam dünyasına xaos salmaq idi… Hər halda bu, başqa müzakirənin mövzusudur.

Həmin dövrdə israillilər Səddamın devrilməsi üçün də xüsusi canfəşanlıq göstərir, İraq liderini regionun baş problemi kimi təqdim edərək, Bağdadda hökumət dəyişikliyinin bölgədəki vəziyyəti stabilləşdirəcəyini iddia edirdilər. ABŞ hərbi müdaxilə edərək Səddamı devirdi, Bağdadın İran nəzarətinə keçməsi isə çox çəkmədi. İraq örnəyində olduğu kimi, İrana hərbi müdaxilə Yaxın Şərqdə İsrail üçün daha böyük problemlərin ortaya çıxmasına səbəb ola bilər.

4 months, 1 week ago
Kremldən verilən məlumata görə, Rusiya Prezidenti …

Kremldən verilən məlumata görə, Rusiya Prezidenti Putin 18-19 avqustda Azərbaycana dövlət səfərinə gələcək.

Dövlət səfərinin əsas fərqləndirici cəhətlərindən biri ali qonağın paytaxtla yanaşı, səfərə gəldiyi ölkənin digər bir bölgəsini də ziyarət etməsidir. Son dövrlərdə Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Belarus kimi ölkələrin liderlərinin Azərbaycana dövlət səfəri çərçivəsində işğaldan azad olunmuş bölgələri ziyarət etdiyini nəzərə aldıqda, Putinin də işğaldan azad olunmuş bölgələrə səfəri istisna deyil. Amma və lakin, erməniliyin himayəsi ilə bağlı Rusiyanın tarixi və mənəvi “missiyası”nın olması baxımından, Putinin SSRİ tərəfindən “erməni anklavı” kimi təsis edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazilərini ziyarət etməsi sürpriz olardı.

Putinin Azərbaycana sonuncu səfəri 2018-ci ildə baş tutmuşdu. 6 il sonra, Qərb-Rusiya toqquşmasının ən qaynar vaxtında Putini Azərbaycana dövlət səfərinə gətirən səbəblər hamımızda maraq doğurur. Bir müddətdir rus qazının Avropaya nəqli məsələsində Azərbaycan, Rusiya, Ukrayna və Avropa İttifaqı arasında yeni mexanizmin yaradılması barədə müzakirələr aparılır və mətbuatda Putinin Azərbaycana səfərini bununla əlaqələndirirlər. Bu mövzunun şərhini enerji ekspertlərinə buraxaq. Biz isə səfərin geosiyasi hissəsinə diqqət yetirək.

Düşünürəm ki, birinci geosiyasi amil, Cənubi Qafqazın və Azərbaycanın artan strateji önəmidir. Qərbin Cənubi Qafqaza hərbi cəhətdən yerləşməyə ciddi maraq göstərdiyi bir vaxtda Rusiya regionda yeni boşluqlar vermək istəmir. Tarixin ironiyasıdır ki, hazırda Bakı Rusiya Prezidentinin səfər edə biləcəyi yeganə region paytaxtıdır. Tbilisdə işğalçı, İrəvanda isə istənilməyən adam kimi qəbul edilən Putinin regional manevr imkanları da məhduddur. Bu baxımdan, Putin əsas regional mesajlarını Azərbaycandan səsləndirmək istəyəcək.

İkincisi, Rusiya yeni dövrdə Azərbaycanı daha çox yanına çəkməklə, Azərbaycan ilə Qərb arasında mümkün yaxınlaşma ssenarisinə imkan vermək istəmir. Bu prizmadan baxsaq, Rusiyanın Azərbaycan ilə ikitərəfli əməkdaşlıqda mövcud hüquqi bazanı daha da təkmilləşdirmək istəyəcəyinə ehtimal vermək olar. Bir sözlə, Rusiya həm de-fakto, həm də de-yure Azərbaycanın Qərb ilə manevr imkanlarını daraltmağa çalışacaq.

Putinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı Azərbaycandan hərbi dəstək istəyəcəyi barədə iddialar səslənsə də, mən buna ehtimal vermirəm. Birincisi, Azərbaycanın Qərbdən iqtisadi asılılıqları var və ölkə iqtisadiyyatına sanksiya gətirə biləcək belə addımlara gedilməz. İkincisi, Azərbaycanın qlobal miqyaslı silahlı toqquşmalara tərəf olmamaq barədə ənənəvi xarici siyasəti var, bunun pozulması realistik deyil. Üçüncüsü, Rusiyanın əlinin bu qədər zəif olduğu, Qərbdən təcrid edildiyi, hətta KTMT-dəki müttəfiqlərindən hərbi dəstək ala bilmədiyi bir dövrdə Azərbaycana hərbi dəstək üçün təzyiq göstərməsi inandırıcı deyil.

Düşünürəm ki, Rusiyanın xeyli aqressivləşdiyi, qlobal sistemin qeyri-müəyyən olduğu bir vaxtda şimal qonşumuzla münasibətləri nə irəli, nə də geri addım atmadan mövcud axarında saxlamaq önəmlidir.

@serqebaxis

4 months, 1 week ago
Bu həftə Rusiya-Ukrayna müharibəsinin 900-cu günü …

Bu həftə Rusiya-Ukrayna müharibəsinin 900-cu günü geridə qaldı.

Müharibənin ötən 2 il yarımı başda Rusiyanın uğursuz Kiyev hücumu və Priqojinin uğursuz Moskva yürüşü başda olmaqla, bir çox dramatik proseslərlə yadda qaldı. Lakin bu müharibədə qarşıda bizi gözləyənlər geridə qalanlardan daha çox maraq doğurur. Bəllidir ki, Ukraynada beynəlxalq siyasi sistem ilə yanaşı, post-sovet məkanının da taleyi müəyyən olunacaq. Ona görə də hadisələr necə inkişaf edəcək və müharibənin növbəti mərhələsində nələr olacaq kimi suallar bizi yaxından maraqlandırmalıdır.

900 günlük müharibə ərzində demək olar hər şey dəyişsə də, liderlər hələ də yerindədir. Putin-Zelenski ikilisi davam etdikcə müharibənin səngiyəcəyinə, silahların susacağına ehtimal vermirəm. Lakin müdafiə xətlərinin oturuşduğunu nəzərə alsaq, mövcud təmas xəttində hər hansısa irimiqyaslı dəyişiklik də real görünmür. Hərbi həll yolunun tıxandığını bir vaxtda siyasi iradə ön plana çıxmalıdır ki, burada da Putin və Zelenskinin ortaq iradə göstərməsi ağlabatan deyil. Əksinə, iki lider də bir-birini devirməyi əsas məqsəd seçib.

Təxmin edirəm ki, müharibənin növbəti mərhələsində lider dəyişikliyi gündəmə gələcək və 11-ci gününü tamamlayan Ukraynanın Kursk əməliyyatı bu prosesin başlanğıcıdır. Kursk əməliyyatından sonra deyə bilərik ki, Rusiyanın Ukrayna hərbi kampaniyası “genişlənmə” avatürasından Putinin dediyi “mövcudiyyət mübarizəsi”nə çevrildi. Zelenski isə Ukraynanın qurtuluşunu Rusiyanın parçalanmasında görən baxışlarını hərbi-praktiki müstəviyə keçirməyi bacardı.

İddiam budur ki, müharibəni daha açıq və şiddətli mərhələyə daşıyan Kursk əməliyyatı nəticəsindən asılı olaraq, ya Putini, ya da Zelenskini hakimiyyətdən devirə bilər. Yaydakı uğursuz əks-hücum əməliyyatından sonra Kursk əməliyyatının da nəticəsiz qalması Zelenskinin siyasi karyerasını sual altına salacaq. Müharibə alovunun getdikcə Rusiyanın daxilinə doğru yayılması da Putinin taxtını laxladır. Görünən odur ki, bu amansız mübarizədə sadəcə bir lider öz hakimiyyətini qoruya biləcək.

Hesab edirəm ki, mümkün lider dəyişikliyi münaqişədə danışıqlar mərhələsinin önünü açacaq.

@serqebaxis

4 months, 2 weeks ago
Ukrayna ordusunun ötən gün Rusiya sərhədini …

Ukrayna ordusunun ötən gün Rusiya sərhədini keçərək, Kursk vilayətində başlatdığı basqın həm siyasi, həm strateji baxımdan çox ağıllı həmlədir, həm də basqın hərbi cəhətdən uğurla icra edilir. Təmas xəttinin tıxanması, kəmiyyət cəhətdən üstünlüyünü getdikcə artıran Rusiya ordusunun son hücumları və irəliləyişi fonunda, Ukrayna ordusunun gözlənilməz və sarsıdıcı cavab addımlara ehtiyacı yaranmışdı. Düşmənin “arxa cəbhəsi”nə və Rusiyanın dərinliklərinə hücumlarını kəskinləşdirən Ukrayna ordusu, Kursk basqını ilə “arxa cəbhə” strategiyasının təkcə raket və dron hücumlarını deyil, quru əməliyyatlarını da əhatə edəcəyinin mesajını verir.

Məlum olduğu kimi, son aylarda hücum əməliyyatlarına başlayan rus qoşunları Donbas və Xarkov istiqamətlərində nəzərə çarpacaq irəliləyişlər əldə ediblər. Rusların irəliləyişinin əsas səbəbi kimi resurs və canlı qüvvə nisbətində Rusiya ordusunun düşmən qarşısında üstünlüyünü getdikcə artırması göstərilir. Hərbi ekspertlər hesab edir ki, Ukrayna tərəfi belə bir anda Rusiya ordusunu yeni istiqamətlərə dəstək qüvvəsi göndərməyə məcbur etməklə, təmas xəttindəki nisbəti qorumağa çalışır.

Hərbi tərəfini bir kənara qoysaq, Kursk basqınının psixoloji tərəfləri də önəmlidir: Ukrayna ordusuna və cəmiyyətinə ruh yüksəkliyi gətirir; döyüşləri Rusiya ərazisinə daşımaqla, rus siyasi rəhbərliyini çətin vəziyyətə salır və Rus ordusunun ciddi boşluqlarının olduğunu göstərir; Yaxın Şərqdəki son proseslər və ABŞ-dakı seçkilərə görə gündəmdən kənarda qalan Ukraynadakı müharibəyə yenidən beynəlxalq diqqəti cəlb edir.

Əsas sual budur: Ukraynanın “arxa cəbhə” strategiyası rus qoşunlarının təmas xəttindəki yeni irəliləyişlərini səngidə biləcəkmi? Təbii ki, Rusiya rəhbərliyi sərhəd bölgələrindəki vəziyyətə lazımi reaksiya verməyə məcburdur, lakin təkcə bir basqın Rusiya ordusunu strateji dəyişikliyə sövq etməz. Ukraynanın yeni və daha irimiqyaslı həmlələrə ehtiyacı var ki, bu da təmas xəttində resursların tükəndiyi bir vaxtda çox çətin və riskli görünür. Hər halda yeni ərazilər itirməmək üçün ukraynalıların risk etməkdən başqa çarəsi yoxdur.

@serqebaxis

4 months, 3 weeks ago
Bora Bayraktarın Həmas (2007) adlı kitabını …

Bora Bayraktarın Həmas (2007) adlı kitabını uzun müddət idi ki, şərh etmək istəyirdim. Xüsusilə kitabın üz qabığına çıxarılmış “terror yoxsa silahlı müqavimət təşkilatımı” sualı ətrafında müzakirə aparacaqdım. Lakin Həmasın siyasi lideri İsmail Haniyenin sui-qəsdlə öldürülməsindən sonra kitabdakı başqa bir mövzudan başlamaq istəyirəm. Digər mövzuya ayrı bir postda mütləq toxunacağam.

Onu deyim ki, kitab həqiqətən olduqca dəyərlidir, müəllif çox keyfiyyətli əsər ortaya qoyub. Müəllifin İsrailə, Ramallaha, Qəzzaya səfərləri, obyektiv müşahidələri, Mahmud Zahhar kimi Həmasın çox önəmli liderlərindən aldığı müsahibələr əsərə dəyər qatmaqla bərabər, İsrail-Fələstin münaqişəsinin 2000-ci illərdəki mənzərəsini aydın şəkildə təsvir edir. Ən əsası, müəllif axıcı dildən o qədər yaxşı istifadə edir ki, əsəri oxuyarkən sanki bir filmə baxırmış kimi Qəzzanın tozlu küçələrində gəzirsən, fələstinlilərin hüzününü, israillilərin yorğunluğunu, hər iki xalqda sülhə və birgəyaşayışa olan ümidi dərindən hiss edirsən. Qayıdaq mövzumuza.

Fələstin lideri Yasir Ərəfatın siyasi cəhətdən zəiflədiyi, İsrail baş naziri Ariel Şaronun isə ABŞ Prezidenti Corc Buşun təzyiqi ilə 1970-ci ildən bəri davam edən 25 illik işğala son qoyaraq Qəzzadan ordunu geri çəkməyə hazırlaşdığı 2003-2004-cü illərdə Şeyx Yasin liderliyindəki Həmas sürətlə siyasət səhnəsində gücünə güc qatırdı. Ariel Şaron geri çəkilmənin zəiflik kimi qəbul edilməsini və Həmasın bu prosesi zəfər kimi elan etməsini istəmirdi. Beləliklə də, Şaron 2004-cü ilin martın ortalarında Vaşinqtona səfəri çərçivəsində Qəzzadan geri çəkilmə qarşılığında Həmas liderlərinə sui-qəsd üçün razılıq almışdı. Vaşinqton səfərindən bir həftə sonra, 22 martta Həmasın mənəvi lideri Şeyx Yasin, 17 apreldə isə təşkilatın siyasi lideri Əbdüləziz Rantisi İsrail helikopterlərindən atılan raketlərlə qətlə yetirildi. 18 apreldə isə Ariel Şaron kabineti ordunun Qəzzadan geri çəkilmə planını açıqladı. İki ağır sui-qəsdlə liderlik böhranı yaşayan Həmasda isə gənc İsmail Haniyənin önü açılmışdı. Haniyə 2006-cı ildəki məşhur seçkilərdə Həmasın sürpriz qalibiyyətindən sonra Fələstinin baş naziri postuna gətirilmiş, ilk Həmas kabinetinə rəhbərlik etmişdi.

Bu xüsusda, İsmail Haniyənin siyasi yüksəlişi ilə sonunu gətirən proseslər arasındakı oxşarlığa diqqət çəkmək istəyirəm. Şaron kimi Netanyahu da Qəzzada müharibəni dayandırmaq üçün bir müddətdir ABŞ Prezidenti tərəfindən təzyiqlərlə üz-üzədir. Şaron kimi Netanyahu da yenicə Vaşinqton səfərindən qayıdan “lider” miqyaslı sui-qəsdlərə girişib. Sözsüz ki, Vaşinqtonun razılığı olmadan Netanyahu Haniyə kimi siyasi sui-qəsdi İranın paytaxtı Tehranda törətməzdi. Bu həm Həması, həm İranı, həm də müqavimət oxunu psixoloji cəhətdən sarsan həmlə oldu. Geriyə qalır əsas məsələ. Həqiqətənmi məhz 2004-cü ildə olduğu kimi, Vaşinqton Qəzzada atəşkəs qarşılığında İsrailin siyasi sui-qəsdlərinə yaşıl işıq yandırıb? Tezliklə bu sualın da cavabını biləcəyik.

@serqebaxis

4 months, 3 weeks ago
Gecə saatlarında “Həmas”ın siyasi lideri İsmail …

Gecə saatlarında “Həmas”ın siyasi lideri İsmail Haniyə İranın paytaxtı Tehrandakı ofisində ilkin məlumatlara görə dron zərbəsi nəticəsində öldürülüb. Haniyə İranın yeni seçilmiş prezidenti Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana səfər etmişdi və qətldən bir neçə saat öncə ali lider Xameneyi ilə görüşmüşdü. Haniyə kimi önəmli şəxsin belə bir səfər zamanı Tehranda qətlə yetirilməsi İran tarixində ən böyük ləkələrdən biri olacaq. Yəqin ki, bu qətl İran ilə Fələstin qrupları arasında münasibətləri də soyuqlaşdıracaq. Amma İrana verilən mesaj Fələstindən daha böyükdür. Bununla, İsrail İranın paytaxtı Tehranda istənilən nöqtəni və istənilən şəxsi hədəf ala biləcəyini göstərir.

Haniyənin qətlindən bir neçə saat öncə Hizbullahın önəmli hərbi komandanlarından olan Fuad Şükrü də Livanın paytaxtı Beyrutda öldürülmüşdü.

Cəmi 12 saat ərzində İsrail İran dəstəkli müqavimət xəttinə çox böyük 2 zərbə vuruldu. İsrail kəşfiyyatı bu gecə 7 oktyabrdan sonra pozulmuş imicini yenidən bərpa edə bildi.

@serqebaxis

4 months, 3 weeks ago
Qarabağ zəfərindən sonra Türkiyə ictimaiyyətində “Qarabağı …

Qarabağ zəfərindən sonra Türkiyə ictimaiyyətində “Qarabağı biz aldıq” düşüncəsi oturuşub, bu və ya digər formada bunu hiss etməmək mümkün deyil. İstər böyük qardaş sindromu olsun, istər tarixi bir zəfərdən özünə pay çıxarmaq istəyi olsun, istərsə də minnət duyğusu olsun, müharibədən sonra “biz etdik” düşüncəsi Türkiyə ictimaiyyətində mütləq ki, yaranacaqdı və yaranıb da.

Ötən dörd ildə bu tarixi birlikdə yaşadıq. Mənim müşahidəm odur ki, həqiqətən də Qarabağ zəfərində Türkiyənin müstəsna rolu var idi. Bu, sonradan zəfəri “özününküləşdirə” biləcək qədər ciddi rol idi. Demək olar ki, hər məsələdə Türkiyənin iştirakı oldu. Təbii ki, əsas istisna, Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığı idi. Azərbaycan Ordusu həm müharibədə, həm də sonrakı lokal əməliyyatlarda qarşısına qoyulan tapşırığın öhdəsində layiqincə gəldi. Azərbaycan əsgərinin əməyinə kölgə salınmadıqca, mənə görə Türkiyənin də Qarabağ zəfərini özününküləşdirməsi qəbulediləndir.

Aydındır ki, Ankara üçün Ermənistanın hərbi cəhətdən məğlub edilməsindən daha çox, münaqişənin geosiyasi aspekti önəmlidir. Türkiyə 1 əsrdən sonra Cənubi Qafqazda baş rol oynayaraq, Cumhuriyyət üçün yeni bir regionda dondurulmuş və olduqca çətin bir münaqişənin hərbi yolla həllində iştirak etdi. Qarabağ münaqişəsinin həlli Türkiyənin beynəlxalq prestijini artırdı, ölkəni yeni liqaya çıxartdı. Bu mənada Türkiyə ictimaiyyətinin Qarabağdan ağız dolusu danışması, “şişirtmələrə” yol verməsi gözlənilən idi.

Cəmiyyətimizdə bir kəsim var ki, Türkiyə ilə bağlı neqativ bir məqam yaranan ki, dərhal məsələni qaşımaqda, Türkiyəni açıq hədəf almaqda gecikmir. “Pulunu verdik dron aldıq”, “torpağı verdik, şirkət açdılar” kimi arqumentlərlə Türkiyə-Azərbaycan müttəfiqliyinin sırf maddi maraqlara söykəndiyini, bu müttəfiqliyin bir anda müharibə vaxtı ortaya çıxdığını iddia edənlər müstəqilliyimizi bərpa etdikdən sonra ordu quruculuğu başda olmaqla, bir çox sahələrdə Türkiyənin oynadığı rolu “görmək” istəmir.

O ki qaldı Ərdoğanın atayurdu Rizedə partiyasının iclasında işlətdiyi “əsas odur ki, iqtisadi gücümüz olsun. Biz necə Qarabağa girdiksə, necə Liviyaya girdiksə, bunun eynisi onlara (İsrailə) da edərik!” sözlərinə… İctimai rəydə yaranmış təsəvvürlərdən fərqli olaraq, siyasətçilərin ritorikasını tənzimləmək mümkündür. Bu bir reallıqdır ki, Türkiyə nə Suriyada, nə də Liviyada girişdiyi işi tamamlaya bilməyib. Amma uğurla sonlanan Qarabağ münaqişəsi Ərdoğanın adını tarixə qızıl hərflərlə yazdı. Məncə, Ərdoğan Qarabağla bağlı şanlı xatirələri yarım-yamalaq qalan Liviya cəbhəsi ilə, ümumiyyətlə heç nə edə bilmədikləri Fələstin cəbhəsi ilə müqayisə edib dəyərdən salmamalıdır. Qarabağ zəfəri Azərbaycan-Türkiyə müttəfiqliyinin bəhrəsidir, təktərəfli qaydada siyasi populizm vasitəsi kimi işlədilməməsi daha doğru olardı.

@serqebaxis

4 months, 3 weeks ago
Dünən gecə İsrailin işğalında olan Qolan …

Dünən gecə İsrailin işğalında olan Qolan təpələri bölgəsində druzların yaşadığı şəhərə edilmiş raket hücumunda 12 uşağın öldürülməsindən sonra İsrail ilə Hizbullah regional müharibənin bir addımlığındadır. Tərəflərin bir-birini günahlandırdığı hücuma cavab olaraq, İsrailin bu gecə Livanda Hizbullah mövqelərinə ağır hava zərbələri endirəcəyi gözlənilir.

7 oktyabr hücumundan bəri aktiv toqquşmaların getdiyi İsrail-Livan sərhədində böyük müharibənin əvvəl-axır qaçılmaz olduğu görünür. Qəzzadakı əməliyyatları səngidən İsrail Ordusu da həftələrdir qoşunlarını şimala doğru cəmləşdirir. Buna baxmayaraq, İsrail hələ ki, Livanın işğalına risk etmir. Bəllidir ki, Həmas başda olmaqla, Qəzzadakı silahlı qruplar məğlub edilmədən Hizbullaha qarşı böyük müharibəyə girişmək strateji risklər daşıyır. Həm şimal, həm də cənubda iki aktiv müharibə aparmaq üçün İsrailə böyük resurslar lazımdır. Ağ Evdəki Bayden hökuməti isə Livanla müharibədə İsrailə açıq dəstək vermir. Yəqin ki, İsrail hökuməti Livanın işğalı üçün payızda Trampın hakimiyyətə qayıdışına ümid edir.

Hizbullah lideri Nəsrallahın Qəzzadakı qruplar ilə taktiki tandemi İsraili qeyri-müəyyənlikdə saxlaya bilir: Həmas cənub cəbhəsində atəşkəsə getmir ki, İsrail bütün gücünü şimala yönləndirməsin; Hizbullah da şimal cəbhəsində aşağı şiddətdə hücumları davam etdirir ki, İsrailin diqqətini cənubdan yayındıra bilsin.

Bu prosesin əsas qazananı isə şübhəsiz İrandır. Son 10 ayda İsrail ilə aktiv münaqişəyə Fələstin, Livan, Suriya, İraq və Yəməni cəlb edə bilən İran, ərəblər vasitəsilə hücum xəttini formalaşdırıb. Yəhudi-Ərəb münaqişəsinin getdikcə genişlənməsi də İranın bölgədəki nüfuzunu daha artırmağa imkan verəcək.

@serqebaxis

4 months, 4 weeks ago
Azərbaycan üçün Rusiya ilə ikitərəfli münasibətlər …

Azərbaycan üçün Rusiya ilə ikitərəfli münasibətlər tarixinin ən əlverişli dövründən keçir. Rusiya qoşunları ölkəni tam tərk edib, daxili işlərə birbaşa qarışa bilmək üçün Rusiyanın real təsir rıçaqları mövcud deyil və ən önəmlisi, Rusiya Ukraynada böyük bir müharibədə ilişib qalıb və əsas resurslarını buraya yönləndirir. Bəlkə də tarixdə ilk dəfədir ki, Azərbaycan-Rusiya münasibətləri “asılılıq” prinsipi yerinə, “mehriban qonşuluğa” əsaslanır.

Hələ ki, Rusiya Cənubi Qafqaza “təsir dairəsi” yerinə, “yaxın ətraf” konsepsiyasından baxır. Birbaşa Moskvadan təzyiq göstərilən “təsir dairəsi”ndən fərqli olaraq, “yaxın ətraf”dan əsas gözlənti Rusiyanın düşmənləri ilə əməkdaşlığı artırmamaqdır. Başqa ifadə ilə, indiki vəziyyətdə “yaxın ətraf”ın Qərb ilə münasibətlərini inkişaf etdirməməsi Rusiya üçün kifayətdir. Sözsüz ki, Rusiya üçün bu vəziyyət müvəqqətidir. Moskva post-Sovet məkanına hər zaman “özününkü” kimi yanaşıb, burada yaranmış dövlətlərin müstəqilliyinə dırnaqarası baxıb. Şimali qonşumuzun bu imperialist baxışı davamlıdır. Şərtlər Rusiyanın xeyrinə dəyişən kimi, Moskvanın Azərbaycana qarşı münasibəti də “yaxın ətraf”dan “təsir dairəsi”nə çevriləcək.

Bəs bu şərtlər hansı halda dəyişə bilər? Trampın Ukraynada müharibəni dayandırmaq istədiyi, Cənubi Qafqaza isə maraq göstərmədiyi görünür, bu xüsusda, Tramp yenidən prezident seçilsə, yaxın gələcəkdə Rusiyanın regionumuzda əl yüksəldə biləcəyini təxmin etmək olar. Nəzərə alsaq ki, Azərbaycan-Rusiya əlaqələrinin digər önəmli müəyyənedici faktoru olan Türkiyə-Rusiya münasibətlərində də gedişat mənfiyə doğrudur, belə olduqda yaza doğru Azərbaycan-Rusiya əlaqələrində daha fərqli və gərgin mənzərənin ortaya çıxması sürpriz olmayacaq.

2022-ci ilin fevralında iki ölkə arasında müttəfiqlik qarşılıqlı fəaliyyətinə dair Moskva Bəyannaməsi imzalananda məndə də bir çox suallar və ümidsiz şərhlər yaranmışdı. Bununla belə, ötən 2 il ərzində Azərbaycan dəyişən geosiyasi vəziyyətdən istifadə edərək, qapalı qapılar arxasındakı diplomatiya ilə istədiklərini Rusiyadan ala bildi. Bu da onu göstərir ki, Rusiya ilə münasibətlərdə praqmatik xarici siyasət effektivdir, geosiyasi vəziyyətə görə davranmaq ən doğru seçimdir. Bizə ən çox zərər vura biləcək qonşumuza “mütləq şər” kimi baxmaq, emosional davranmaq və ona qarşı olan geosiyasi macəralara qoşulmaq ölümcül ola bilər. Nə qədər çiynənmiş fikir olsa da, Rusiya ilə münasibətlər baxımından, körpünü keçənə kimi “ayı”ya dayı demək həqiqətən işləyirmiş…

@serqebaxis

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago