✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 2 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 3 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 1 month ago
XI əsrdə Qıpçaq çölündə yaşamış oğuz tayfalarından birinin adı rus salnamələrində berendey kimi keçir. Ehtimalımıza görə, berendey tayfa adı barannı tayfa adının bir qədər dəyişmiş formasıdır.
Rus tarixçisi Vasiliy Vladimiroviç Bartold (1869–1930) və bəzi digər tədqiqatçılar isə güman edirdilər ki, berendey tayfa adı bayandur tayfa adının azacıq təhrif olunmuş şəklidir.
Berendeylərin Qıpçaq çölündə X–XIII əsrlərdə saldıqları şəhərlərin adları rus salnamələrində Torçesk, Sakov, Berendiçev, Berendeyevo, İjeslavl, Urnayev, Rostovets kimi qeyd olunmuşdur. Batı xanın moğollarına ən şiddətli müqaviməti də bu şəhərlər göstərmişdilər.
Haşiyə. Berendey (rus ədəbiyyatı və folklorunda əfsanəvi çar, nağıl qəhrəmanı şahzadə İvanın atası) – Berende (Bolqarıstanın Sofiya vilayətində kənd) – Bayandıroy (Türkmənistanın Daşoğuz vilayətində kənd) – Baqandar (Türkmənistanın Balkan vilayətində bulaq) – Bayandı (Qazaxıstanın Manqıstau vilayətində kənd) – Bayaldır (Qazaxıstanın Türküstan vilayətində kənd) – Bhayandar (Hindistanda yaşayış məntəqəsi) – Bayandur (Qərbi Azərbaycanda kənd) – Bayındır (Türkiyənin İzmir ilində şəhər).
Zənnimizcə, qaraqoyunluların barannı tayfası ilə ağqoyunluların bayandur tayfasının mənşəyi eynidir. Mümkündür ki, tarixin hansısa mərhələsində bir nəsil iki hissəyə ayrılmış, onlardan biri barannı adını saxlamış, digər nəslin adı isə bayanduri şəklini almışdır.
Xivə xanı və tarixçisi Əbul Qazi Bahadur (1603–1664) bayandur sözünün mənasını “var-dövlət sahibi” kimi izah etmişdir. Tərəkəmə üçün ən böyük sərvət nədir? – Sözsüz ki, qaramal və qoyun-quzu.
Azərbaycan folklorundan aşağıdakı nümunələrə nəzər salaq:
“Qoyunlu evlər gördüm, qurulu yaya bənzər, qoyunsuz evlər gördüm, qurumuş çaya bənzər” (“Kitabi Dədə Qorqud” dastanından).
“Biri vardı, biri yoxdu, keçmiş zamanlarda Nəbi adlı varlı bir kişi vardı. Bu kişinin dövləti, varı, malı, qoyunu başından aşırdı” (xalq nağılından).
“Ağ qoyunu görənlər içi dolu yağ sanar” (atalar sözü).
Maraqlıdır ki, Azərbaycana köç etməzdən əvvəl bayandur tayfası da parnı tayfasının vətənində – Manqışlaqda yaşamışdır.
Diqqətimizi cəlb edən digər cəhət isə Ağqoyunlu tayfa ittifaqının ilk başçısının adının Pəhləvan bəy Bayandur (?–1340) olmasıdır. Xatırladaq ki, qədim parfiyalılar, o cümlədən, parnılar özlərini ümumi olaraq məhz pəhləvan adlandırırdılar.
Strabon yazır ki, “kimmerlər Ön Asiyaya Homerin zamanında gəlmişlər”. Ehtimala görə, Homer e.ə. IX–VIII əsrlərdə yaşamışdır. Həqiqətən də, kimmerlərin Ön Asiyada olmalarına dair ilk məlumatlar e.ə. 722–715-ci illərə aiddir. Dilimizdə qəzəb, hirs mənalarını ifadə edən “qımır” sözü ola bilsin ki, kimmer etnonimindən qaynaqlanır.
Fikrimizcə, gürcü dilindəki “qmiri” (pəhləvan) və osetin dilindəki “qumir” (nəhəng) sözləri də kimmer etnonimi ilə bağlıdır. Saka xalqının bir hissəsi olmuş parfiyalıların əsl adı pəhləvan idi. Maraqlı paralel alınır – kimmer etnoniminə bənzəyən “qmiri” və “qumir ”sözləri gürcü dilində pəhləvan, osetin dilində nəhəng mənalarını ifadə edir. Eyni xalqı assuriyalılar kimmer, elamlılar saka adlandırırdılar.
Saka xalqının Parfiya imperiyasını qurmuş hissəsinin adı pəhləvan idi. Pəhləvanlar köçəri və yarımköçəri həyat tərzi sürsələr də, onların hakim zümrəsi – Ərsakilər Parfiya imperiyasını qurduqdan sonra şəhərlərdə məskunlaşmış, lakin döyüş vərdişlərini də itirməmişdilər.
Sözsüz ki, Azərbaycan və İranın iri şəhərlərində bugünədək mövcud olan zorxanalar və həmin zorxanalarda məşq edənlərin pəhləvan adı məhz onlarla bağlıdır.
Xatırladaq ki, türk və İran dillərində güləşçiyə, güclü insana pəhləvan deyilir. Maraqlıdır ki, bugün də Azərbaycanda Pəhləvan şəxs adına da rast gələ bilərsiniz. Başqa sözlə, bu ad qədim dövrlərin pəhləvan tayfasını sanki bugün də yaşadır.
Hər bir parfiyalı döyüşçü mükəmməl süvari oxçu sayılırdı. E.ə. 53-cü ildə sərkərdə Surxanın rəhbərlik etdiyi və sayları 11.000 nəfərdən az olan Parfiya süvarisi Karr döyüşündə Roma konsulu Krassın təxminən 50.000 nəfərlik güclü birləşməsini darmadağın etmişdi.
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
Son illərdə belə bir iddia irəli sürülür ki, Qaraqoyunlu və Ağqoyunlu adlarının tarixi kökləri yoxdur. Guya onlar hansısa təhrifin, yaxud anlaşılmazlığın nəticəsi kimi son dövrlərdə ortaya çıxmışlar.
Bu fikirlə bəlkə də razılaşmaq olardı. Amma məsələ burasındadır ki, Qaraqoyunlu və Ağqoyunlu adları Azərbaycanın, eləcə də Türkiyənin toponimikasında geniş əks olunmuşdur:
- Ağsu, Bərdə, Qubadlı, Tərtər, Goranboy rayonlarında Qaraqoyunlu adlı altı kənd vardır.
- Qərbi Azərbaycanda vaxtilə Qaraqoyunlu mahalı, Qaraqoyunlu adlı kəndlər mövcud olmuşdur.
- Türkiyə Cümhuriyyətinin Afyonkarahisar ilinin Başmakçı və Çobanlar ilçələrində, Ankara ilinin Bala ilçəsində, Diyarbakır ilinin Çermik ilçəsində dörd kəndin adı Akkoyunludur.
- Türkiyənin İğdır ilində isə bir ilçənin (dairənin) adı Karakoyunludur. Bu mahalda Qaraqoyunlu dövründən qalma qoçbaşlı abidələrə də rast gəlinir. Onu da vurğulayaq ki, İğdır camaatı burada yaşayan qaraqoyunluları kolanı hesab edir.
Daha bir neçə maraqlı fakta diqqət yetirək:
- Özbəkistanın Daşkənd vilayətində Karakoyli adlı kənd vardır.
- Tacikistanın Babataq dağlarında yaşayan durmen adlı özbək tayfasının nəsillərindən birinin adı akkoylı olmuşdur.
- Qazaxıstanın Türküstan vilayətinin Ordabas rayonunda Akkoylı kəndi mövcuddur.
- Qazaxıstanın Ordabas rayonunda iki təpənin adı Akkoylıdır.
- Qazaxıstan ərazisindən axan Arıs çayının vadisində yerləşən qədim məscid-mədrəsənin də adı Akkoylıdır. Yeri gəlmişkən, Arıs çayının bir qolu Aksu (Ağsu) adlanır.
Haşiyə. Bəzi araşdırıcılar Arıs çayının adını qədim alan-albanların Orta Asiyada yaşamış (e.ə. I əsr – eramızın III əsri) aorsi tayfasının adı ilə əlaqələndirirlər. Maraqlıdır ki, IX–X əsrlərdə Xəzər xaqanlığının qvardiyası arsiya adlı Orta Asiya tayfasının döyüşçülərindən təşkil olunmuşdu.
Hesab edilir ki, aorsi və arsiya, əslində, eyni tayfa adının fonetik variantlarıdır. 913–914-cü illərdə Azərbaycan üzərinə uğursuz yürüşdən qayıdan rusları (əslində, vikinqləri) məhz arsiya döyüşçüləri qılıncdan keçirmişdilər.
Savaşdan əvvəl arsiyalılar Xəzər xaqanına demişdilər: “Bizə imkan ver, bu xalqla haqq-hesabı çürüdək. (Ruslar) müsəlman qardaşlarımızın yurdlarını qarət ediblər, onların qanını axıdıblar, arvad-uşaqlarını əsir götürüblər”.
İtil (indiki Volqa) çayının sahilində baş vermiş döyüşdə 35.000-dən çox rusun qarşısına 15.000-dən az müsəlman arsiyalı və xristian türk çıxmışdı. Türklərin sayı düşmənin sayından iki dəfə az olsa da, onlar rus ordusunu darmadağın etmişdilər. Qədim salnamələrə əsasən, həmin qırğında rus döyüşçülərinin hamısı qətlə yetirilmişdi.
- Qazaxıstanın Böyük Juzunun dulat boyunun dörd qolundan biri olan sıykım tayfası bir neçə nəsildən ibarətdir: Akkoylı, karakoylı, alkuşik, akılbek, baqlan, boras, buas, kusirak, kuttıbay, yeskeldı, yesbol, şuıldak, toqas.
Qeyd. Qazax dilində ağ və qara rənglərə müvafiq olaraq “ak” və “kara”, qoyuna “koy” deyilir. “Lı” isə Azərbaycan dilindəki “lu” şəkilçisidir.
Ardı var...
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
‼ℹ️ Tacik – Səfəvilər zamanında fars millətindən olanlara verilən ad. Bəzən bu məqsədlə “tat” sözündən də istifadə edilirdi. Adətən türk qızılbaş əmirləri dövlət işlərində əsas rəqibləri olan fars mənşəli əyanları bu cür adlandırırdılar.
Dövlət idarəçiliyində möhkəmlənməyə çalışan fars əyanları qızılbaşları özlərinə rəqib görür və onlara qısqanclıqla yanaşırdılar. Qızılbaş əmirləri də milli kökə və təriqət bağlılığına əsaslanaraq özlərini şaha daha yaxın bilir, bu üstünlüyü fars mənşəli əyanlarla bölüşmək istəmirdilər.
Onların düşüncəsində belə bir fikir formalaşmışdı ki, taciklər (farslar) yalnız yazı-pozu işləri ilə məşğul olmalı, dəftərxanada fəaliyyət göstərməlidirlər; çünki bu işləri daha yaxşı bacarırlar; taciklərin yüksək dövlət vəzifələrinə, orduya aidiyyəti olmamalıdır.
Qızılbaşlar bəzən bu düşüncəni açıq şəkildə ifadə etməkdən çəkinmirdilər. II Şah İsmayılın və Şah Məhəmməd Xudabəndənin dövründə baş vəzir (vəziri-əzəm) olmuş fars mənşəli Mirzə Salman xan Cabiri daim qızılbaş əmirləri şahın gözündən salmağa, onları taxt-tac üçün təhlükə mənbəyi kimi göstərməyə çalışırdı.
Buna görə də o, 1583-cü ildə yaranmış qarışıqlıq zamanı qızılbaşlar tərəfindən öldürüldü. Salnamələrdə qeyd edilir ki, bundan əvvəl şahla görüşən qızılbaş əmirləri vəzirdən şikayət edərkən məhz onun tacik olduğunu əsas gətirərək demişdilər:
“Mirzə Salman bir tacik kişidir; hesab və divan işlərinin icrasından savayı ondan başqa heç nə təvəqqe olunmurdu. Ordu və qoşun toplayaraq özbaşına surətdə səltənət işlərinə müdaxilə edib fitnə-fəsada bais olmaq onun işi deyildi”.
Göründüyü kimi, Cabirinin hesab və divan işləri ilə kifayətlənməyib sərkərdə kimi hərbi yürüşlərə qatılması qızılbaş əmirlərini hiddətləndirmişdi.
Səfəvilər dövrünə aid klassik mənbələrin çoxunda saray əyanları, hətta sənət adamları və şairlər milli mənsubiyyət bölgüsü əsasında türk və tacik qrupları şəklində təqdim edilir.
Məsələn, Sadiq bəy Əfşar “Məcmə əl-xəvas” təzkirəsində üçüncü bölümü “Səltənət sütunu olan türklər haqqında”, dördüncü bölümü isə “Səltənət sütunu olan taciklər haqqında” adlandırıb.
İsgəndər bəy Münşinin “Tarixi-aləmarayi-Abbasi” kitabında da türk-tacik bölgüsü dəfələrlə qabardılır, hətta bəzi qızılbaş əyanlarının dövlətdəki uca mövqeyinə taciklərin həsəd apardığı vurğulanır.
İstinad: Qızılbaş Ensiklopediyası
‼️ Qızılbaşlıq – türkman tayfalarının qədim inam və ənənələrinin islami düşüncə ilə birləşməsindən meydana çıxan, mistik inancları özündə ehtiva etməklə yanaşı dərin sosial köklərə malik olan təlim.
Qızılbaş məfhumunun kökünü bəzi tədqiqatçılar xürrəmiliklə bağlayırlar. VIII əsrin sonlarından etibarən yayılmağa başlamış, bundan əvvəlki məzdəkilik inancından bəhrələnmiş xürrəmi cərəyanı ərəb mənbələrində “mühəmmərə” adı ilə qeyd edilir ki, bunun da kökü “al-qırmızı” sözündəndir. Qırmızı rəngə xüsusi əhəmiyyət verən, bayraqları da bu rəngdə olan xürrəmilər IX əsrin birinci yarısında Babəkin başçılığı altında ərəb xilafətinə qarşı həm hərbi, həm də ideoloji cəbhədə mübarizə aparmışlar.
Tarixi mənbələrdəki bəzi məlumatlar Babəkin və tərəfdarlarının ifrat şiə əqidəsinə bağlı olduqlarını, batini cərəyanlardan biri sayıldıqlarını düşünməyə əsas verir. Məlumdur ki, onun qoşununda türk (türkman) mənşəli döyüşçülər, tərəfdarları arasında da eyni mənşəli əhali çox olmuşdur.
Qırmızı rəngdə libas, xüsusilə baş geyimi qədim türklər arasında çox yayılmışdı. Ümumiyyətlə, onların arasında baş geyiminin rənginə görə qruplara ayrılma ənənəsi mövcud idi. Qaraqalpaq xalqının, qıpçaqlara aid Qarabörklü tayfasının, Buxara sufilərindən olan Yaşılbaş zümrəsinin adları bunu təsdiq edir. Altay şamanları ayin zamanı başlarına vəhşi toyuq tükü ilə bəzədilmiş qırmızı rəngli papaq qoyurdular. Həm qırğız tayfalarından biri, həm də Əfqanıstanın şiə icmasının böyük bir hissəsi qızılbaş adını daşıyır. Ola bilər ki, zaman keçdikcə yalnız ələvi-bektaşi inancına bağlı qalan türkmanlar qırmızı papaqdan istifadə etdikləri üçün bu ad onlara aid edilmişdir.
Bununla belə, tarixi mənbələrdə “qızılbaş” sözünün ilk dəfə istifadə edilmə tarixini XV əsrin son rübünə aid edir və I Şah İsmayılın atası Şeyx Heydərlə bağlayırlar. Rəvayətə görə, bir gecə yuxuda İmam Əli (ə) Şeyx Heydərə qırmızı parçadan papaq hazırlamaq qaydasını öyrətmiş, bu papağı geyinməsini və öz tərəfdarlarına da bunu əmr etməsini tapşırmışdı.
O vaxtdan Şeyx Heydər və tərəfdarları ənənəvi türkman börkünü bir kənara qoyaraq qırmızı parçadan 12 zolağı olan papaq qoymağa başlamış və “qızılbaş” adını qazanmışlar (burada “qızıl” sözü qırmızı mənasını verir). Qızılbaş düşüncəsində bununla bağlı digər rəvayətlər də mövcuddur. Belə ki, guya həzrət Əli (ə) özü Xeybər savaşında başına qırmızı rəngdə əmmamə bağlamış, Siffeyn döyüşündə tərəfdarlarını Müaviyənin qoşunundan fərqləndirmək üçün onlara qırmızı əmmamə bağlamalarını tapşırmışdı.
Anadolunun ələvi türkman tayfaları Şeyx Heydərin xəlifələri tərəfindən təlimatlandırılır və onun əmri ilə Osmanlı üsuli-idarəsinə qarşı itaətsizlik göstərirdilər. Buna görə Osmanlı dövlətində “qızılbaş” adı hökumətə qarşı çıxan, üsyankar mənasında, eyni zamanda dini çalar da qazanaraq şiə anlamında işlənmişdir. Əksinə, Səfəvi mənbələrində isə çox zaman dövlətin əsasını təşkil edən tayfaları “qızılbaş tayfaları”, qoşunu “qızılbaş ordusu”, dövlət adamlarını “qızılbaş əmirləri”, hökmdarı “qızılbaş padşahı”, dövlətin özünü isə “Qızılbaş ölkəsi”, “Qızılbaş dövləti” adlandırırdılar.
Qızılbaşlıq Səfəvilər dövründə türkman tayfalarının milli kimliyinin identifikasiya kodlarından birinə çevrilmişdi. Bu ad həm də siyasi anlamda Səfəvilər dövlətinin tərəfdarı olmaq mənasını verirdi. Qızılbaşlığı tərk etmək Səfəvilər dövlətinə xəyanət etmək, düşmən tərəfinə keçmək anlamına gəlirdi. Qızılbaş sözü hətta Səfəvilər dövründə Azərbaycan türkcəsinin sinonimi kimi işlənirdi.
XVII əsrin sonunda I Şah Süleymanın sarayında münşi (katib) vəzifəsində xidmət etmiş Məhəmməd Rza Nəsiri və oğlu Əbdülcəmil çoxdilli lüğət tərtib etmişdilər. Həmin lüğət türk dilinin 5 əsas qolundakı sözlərin farsca qarşılığını əhatə edir. Maraqlıdır ki, burada cığatay, rumi (Osmanlı dövlətinin dili), rus (tatar) və kalmık şivələri ilə yanaşı qızılbaşi şivəsində də sözlər verilmişdir. Buradan aydın olur ki, Səfəvi sarayında işlədilən Azərbaycan türkcəsini qızılbaşi dili adlandırırdılar.
Ardı şərhdə..
‼? Yaxın bir neçə həftəyə, üzərində 2 ilə yaxındır iş gedən "Qızılbaş Ensiklopediyası" adlı fundamental akademik dərəcəli kitabın çapdan çıxması gözlənilir.
Ensiklopediya iki cilddən ibarətdir və qızılbaşlığa aid 1000-dən çox termin və xüsusi adı əhatə edir. Səfəvi şeyxləri, şahları, qızılbaşların inancları, əsasları, tayfaları, ordusu, silahları, dövlət quruluşu, mədəniyyəti, incəsənəti və s. kimi geniş bir mövzu dairəsini əhatə edən ensiklopediya, ümumilikdə səkkiz fəsildən ibarətdir.
Kitabın yazılmasında Elmlər Akademiyası Tarix İnstitutunun alimləri, Milli Kimlik qrupunun üzvləri və digər mütəxəssislər iştirak etmiş, qızılbaşlıq və səfəvilər haqda yazılan əksər akademik kitab və məqalələrdən geniş istifadə olunmuşdur. Qeyd edək ki, bu ensiklopediya qızılbaşlıq və səfəvilik haqda Azərbaycan dilində indiyədək yazılmış ən fundamental kitab olmağa iddialıdır.
Kitab çapdan çıxdıqdan sonra bu barədə daha geniş məlumat paylaçacağıq. Lakin hələlik, hissə hissə olaraq gələcək ensiklopediyadan kiçik bölümləri sizinlə paylaşmağı nəzərdə tuturuq.
‼⛳ Azərbaycanın gizli siyasi mərkəzi – Muğan
Əslində Muğan Azərbaycanın qeyri-adi coğrafiyası ilə seçilməyən regionlarındna biridir. Amma bu regionun çox qədim tarixi və özünəməxsus cazibəsi var. Muğan böyük bir tarixi dövr ərzində təkcə Azərbaycanın deyil, regionun hərbi-siyasi tarixində mühüm rol oynayıb.
Muğan bölgəsi qədim tarixi vardır. Bu da yəqin ki, bu bölgənin iqlimi ilə əlaqədardır. Yumşaq iqlimi, demək olar ki, sərt qışı olmadığı Muğan Mesapotamiya kimi ilk əkinçilik mərkəzlərindən biri olub.
Muğan Babazanlı abidələrinin 2800 il yaşı var. Muğanda əkinçilik və heyvandarlığın qədim dövrlərdən təşəkkül tapdığı, bu diyarda o dövr üçün heyrətamiz sayılacaq böyük təsərrüfatların mövcud olduğunu isbatlayan xeyli sayda tarixi fakt. Bunlardna biri də qədim tarixə malik Govurarx suvarma sistemidir.
Ancaq Muğan xüsusən də 10-cu əsrdən sonra bölgənin siyasi və hərbi tarixində mühüm rol oynamaya başlayıb. İlk olaraq Çingiz xan orduları qərbə doğru yürüşləri zamanı Muğanda qışlayıblar.
Daha sonra Əmir Teymur Qərbi Asiyaya yürüşü zamanı Muğanda qışlayıb. Və yeri gəlmişkən, monqol yürüşləri zamanı dağıdılmış Govurarx Əmir Teymurun göstərişi ilə 1368-ci ildə bərpa edilir.
Və belə görünür ki, sonrakı tarixdə Muğan böyük türk ordularının qış düşərgəsi rolunu oynamağa başlayıb. Yeri gəlmişkən, Osmanlı dövlətinin qurucusu Osman bəyin babası Süleyman şah Anadolu və daha sonra indiki Suriya torpaqlarına getməmişdən əvvəl Muğanda məskunlaşıb. Bu barədə Türkiyə tarixçisi Tufan Gündüzün açıqlaması var.
Muğan daha sonra Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövründə də mərkəzi hakimiyyətin ordusunun qışlaq yeri, əsas düşərgələrindən biri olub.
Bu ənənəni Nadir Şah Əfşar davam etdirib. Sonuncu fateh Nadir öz dövlətini qurub sərhədlərini möhkəmləndirdikdən sonra tac qoymaq üçün dövrün ehtişamlı paytaxtlarını deyil, Muğan çölünü seçdi. Türkmən tayfalarını toplayan Nadir Xan 1736-cı ildə Muğanda Novruz bayramı günlərində keçirilən qurultayda şah elan edildi. Bu həm də formal da olsa türkmən tayfalarının məşvərət və qurultayı idi. Həm də son qurultayı.
Muğan torpaqları tarix boyu böyük ordular və sərkərdələrə ev sahibliyi edib. Amma bu bərəkətli torpaqlar türkmən elatları üçün sadəcə qışlaq yerləri olmayıb, həm də zamanla ənənəvi toplanış yeri, elatların qeyri-rəsmi “paytaxtı” olub. Belə olmasaydı, böyük sərkərdə Nadir şahlıq toplantısını Muğana təyin etməzdi. Görünür ki, Muğanın tarixin açmadığı gizli sirləri var.
Kənan Rövşənoğlu
Asan hədəf olmamaq və karvana tez çatmaq üçün maksimal sürətlə hərəkət edirdik. Budur, maşrutumuzun üstündə yerləşən və ən təhlükəli nöqtələrdən biri sayılan dərəyə daxil olduq. Birdən gördüm ki, bir nəfər köndələninə yolda uzanıb. Sürücü-mexanik sürəti azaltmadı. Başa düşdüm ki, o, maşını diri, yaxud ölü olduğunu bilmədiyimiz adamın üstündən sürüb keçmək istəyir.
Tez qışqırdım ki, tankı saxla. O, ağlamsına-ağlamsına dedi ki, tankı saxlasam axı bizi vurarlar. Yenidən qışqırdım ki, vursaydılar bayaqdan vurardılar. Sən saxla. Tank yolda uzanmış adamın bir neçə metrliyində yola mıxlandı. Lyuku açıb tankdan çıxdım. Yerə tullanıb həmin adama tərəf getdim. O, ağsaqqal bir kişi idi. Gözləri yumulmuşdu. Özü də silahsız idi. Dizi üstə çöküb əlimi başının altına sürüşdürdüm. Ehmalca onu dikəltməyə çalışdım. Bu vaxt kişi elə bil huşa gəldi. Gözlərini açmağa çalışıb dedi: Ay oğul, at məni yıxdı, belim bərk sərpib, tərpənə bilmirəm.
Atı çək, məni qaldır qoy belinə, evin yolunu özü tapacaq. Mən qupquru quruyub qalmışdım. Eşitdiklərim məni heyrətə gətirmişdi. Sanki Araz qırağında idim və bu sözləri mənə atam deyirdi. Atdan yıxılmış bu kişi təmiz Azərbaycan dilində danışırdı, özü də elə bil ki, Əfqanıstana bizim Araz qırağındakı kəndlərdən birindən gəlib düşmüşdü.
Kişinin atı bizdən beş-on addım aralıda otlayırdı. Onun yüyənindən çəkib gətirdim, bu çəlimsiz qocanı qucağıma alıb atın üstünə qoydum və yüyəni onun ovcuna basdım. At da o saat yolun qırağı ilə bu dağlardakı hansısa kəndə tərəf üz tutdu.
Əfqanlar həm sağdan, həm soldan bütün bunları görürdülər. Amma həmin dəqiqələrdə bu dağlara elə bir sükut çökmüşdü ki! Bizə atəş açmırdılar, bizi vurmurdular. Görünür, onlar mənim bu cür hərəkət edəcəyimi gözləmirdilər. Çünki sovet əsgər və zabitləri əfqanların nəzərində vəhşi timsalında idilər. İndi isə onlar əsl insanlıq nümunəsi görmüşdülər. Əfqanları heyrətləndirən də elə bu idi. Odur ki, onların silahları susurdu.
Beləcə sağ-salamat gəlib Herata gedən karvana çatdıq. Bu gəlişimizlə də karvanı müşayiət edən əsgər və zabitləri hədsiz təəccübləndirdik. Onların hamısı məəttəl qalmışdı ki, biz təkbaşına o yolu necə keçib gəlmişik.
Sonradan öyrəndim ki, Əfqanıstanda xeyli azərbaycanlı yaşayır. Orada kəndlər var ki, hər birində beş-altı min nəfər yaşayır, hamısı da azərbaycanlıdır. Mənim Əfqanıstan təəssüratımın ən maraqlı səhifəsi də onlarla bağlıdır.
Onu da deyim ki, əfqanlar mənim kimliyimi öyrənmişdilər. Görünür, mücahidlərin kəşfiyyatı pis işləmirdi. Onlara bəlli olmuşdu ki, mən azərbaycanlıyam və müsəlmanam. Odur ki, əgər rus zabitləri dükan-bazara beş-altı silahlı əsgərin müşayiəti ilə gedib-gəlirdilərsə, mən qorxub-çəkinmədən nə isə almaq üçün tək də gedə bilirdim”.
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
‼️???? Azərbaycanlı gizirin Əfqanıstan xatirələrindən: yerli qızılbaş ilə təsadüfi görüş
Dünya mətbuatının yazdığına görə, bugün Əfqanıstanda iki yüz mindən çox azərbaycanlı – əfşar və qızılbaş yaşayır. Bu məlumatı gördükdə yadıma atam – Əməkdar jurnalist və fəxri neftçi Ələkbər Şəhrilinin danışdığı bir əhvalat düşdü. Atam isə bu hadisəni vaxtilə Gəncədə tanış olduğu, lakin təəssüf ki, sonradan adını unutduğu bir gizirdən eşitmişdir.
Əslən Qərbi Azərbaycandan (Ermənistan Respublikasının Qafan rayonundan) olan həmin gizir SSRİ-nin 40-cı ordusunun desant diviziyasının tərkibində Əfqanıstan müharibəsində (1979–1989) iştirak etmiş, bir neçə orden və medalla təltif olunmuşdur. Beləliklə, azərbaycanlı döyüşçünün nəql etdiklərini onun öz dilindən oxucuya təqdim edirik.
“Əfqanıstanda xidmət edirdim. Bizim batalyon sovet işğalına qarşı mübarizə aparan mücahidlərin xüsusilə fəal olduğu məntəqələrdən birində dislokasiya olunmuşdu. Reydə çıxır, mücahidlərə silah daşıyan karvanları axtarırdıq. Beləcə günlər, həftələr, aylar bir-birini əvəz edirdi. Əvvəllər batalyonun zabitləri, gizirləri arasında xətir-hörmət var idi. Sonra kənardan bir zabiti bizə komandir göndərdilər. Onu tanımaq üçün bizə çox yox, cəmi iki-üç gün vaxt lazım oldu.
Sən demə bu, kütbeyin, özündən razı və çox kobud bir adam imiş. Zabitlərlə yerli-yersiz mübahisə edir, onlara əsassız iradlar tutur, onları tribunalla qorxudur və təhqir edirdi. Mən də onun “diqqətindən” kənarda qalmadım. Əvvəl-əvvəl nədənsə narazı olanda bunu irad şəklində bildirirdi. Amma bir-iki gün sonra zabitlərin yanında mənə qoyun deməkdən çəkinmədi.
Mən də tərəddüd etmədən elə həmin zabitlərin yanında ona cavab verdim ki, siz komandirsiniz, amma özünüzü əsl donuz kimi aparırsınız. Əfqanıstan müsəlman ölkəsidir və burada sizin kimi donuzları sevmirlər. Bu sözləri deyəndə mən artıq hər şeyi nəzərə almışdım. O, məni şərləyib hərbi tribunala da verə bilərdi, hərbi əks-kəşfiyyatı da üstümə yönəldə bilərdi, yaxud da bəzi yaltaq zabitlərin əli ilə təhlükəli qurğu da qura bilərdi. Amma sözümü dedim və bu qanmaz adama layiq olduğu epiteti yapışdırdım.
Həngamə də elə o gündən başlandı. Komandir mənə düşmən kəsildi. Mən indi özümü əfqanlardan deyil, öz komandirimdən qorumalıydım.
Bir gün batalyona Herata gedən böyük avtomobil karvanını müşayiət etmək tapşırıldı. Bunun üçün tanklar, PDM-lər (piyadanın döyüş maşını) ayrıldı və karvan yola düşdü.
Təxminən saat yarımdan sonra məni təcili batalyon komandirinin yanına çağırdılar. Tələsik gəldim, əlimi gicgahıma qaldırıb raport verdim ki, əmrinizlə gəlmişəm. Komandirin yanaqları və burnu qıpqırmızı qızarmışdı. Hiss etdim ki, karvanı yola salandan sonra möhkəmcə “vurub”. O, məni altdan yuxarı acıqlı-acıqlı süzüb əmr etdi: Tanka min və özünü karvana çatdır. Sən də mühafizə dəstəsində olmalısan.
Mənim üçün bu ölüm hökmü demək idi. Çünki tək bir sovet tankı əfqan döyüşçülərinə – rusların “duşman” adlandırdıqları mücahidlərə əla bir hədiyyə olacaqdı. Dərənin içiylə gedən bir tank hər iki tərəfdə ucalan dağların, təpələrin üstündə mövqe tutmuş və yaxşı silahlanmış əfqanlar üçün hazır bir yem idi.
Amma nə edə bilərdim?! Əmrə əməl etməliydim. Axı mən azərbaycanlıyam, qorxaqlıq edə bilməzdim. Lakin bir iş vardı ki, burada söhbət yalnız mənim həyatımdan getmirdi. Mənimlə birlikdə tankın heyəti – 18-20 yaşlı əsgərlər də ölümün ağuşuna atılırdılar. Odur ki, komandirə müraciət etdim:
- İcazə verin yola yalnız sürücü-mexaniklə çıxım. Mənə başqa əsgər lazım deyil.
Komandir iblisanə bir təbəssümlə cavab verdi:
- Olar. Əmri icra et!
Çevrilib həmişə hərbi əməliyyatlar zamanı komandirlik etdiyim tanka tərəf getdim. Yola düzəldik. Sürücü-mexanik Əfqanıstanda yenicə xidmətə başlamış 18-19 yaşlı bir rus idi. Həyəcan keçirdiyi və qorxduğu açıq-aşkar hiss olunurdu. Ona ürək-dirək verib sakitləşdirməyə çalışdım. Bazadan aralandıqdan bir az sonra məndə belə bir hiss yarandı ki, bizi izləyirlər. Efirdə səslər bir-birinə qarışmışdı. Əfqan dilində danışıqlar eşidirdik. Sanki yırtıcı öz şikarı ilə oynadığı kimi, onlar da bizimlə əylənirdilər.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 2 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 3 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 1 month ago