Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)
Last updated 1 day, 19 hours ago
?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...
? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler
? Ödənişli reklam qəbul olunur - @HiDearly
Last updated 2 months, 4 weeks ago
1906-cı ildə Maksim Qorki Çar zülmündən qaçıb Amerikaya pənah gətirir. İrtica ilə mübarizə aparan cəsur yazıçını Nyu-York limanında kütlə təntənəylə qarşılayır, banketlərdə Mark Tven başda olmaqla yazıçının sağlığına badələr qaldırırlar. Azadlıqlar ölkəsi Qorkini əl üstündə gəzdirir.
Amma birdən amerikalıların kefinə soğan doğranır. Məlum olur ki, Qorkini müşayiət edən xanım onun arvadı yox, sevgilisidir, aktrisa Mariya Andreyeva. Amerikalılar cin atına minirlər: Sən axı hansı cürətlə pak torpağa kəbinsiz arvadla ayaq basmısan?!
Mark Tven bir də onunla yanaşı görünmək istəmir. Qorkiylə sevgilisi otelə qayıdanda isə veş-meşoklarının çölə atıldığını görürlər. Biz ad-sanımıza xələl gəlməsini istəmirik, - hotelin meneceri deyir: Yaxşı yol! ?
İslamın bir vaxtlarkı mədəni yüksəlişində antik yunanlardan tərcümələrin rolu olmuşdu. Fəlsəfəyə maraq çoxuydu, yunanların şeirləri, dramları, tarixləri isə "faydalı" sayılmadığından tərcümə də olunmurdu.
Sonra İslam mədəni enişə başladı. Nə tərcümə edən vardı artıq, nə araşdıran. Günlərin bir günü kafirlər qəfildən top və tüfənglə başlarının üstünü kəsdirəndə müsəlmanlar çaş-baş qaldılar. Gavurların hərbi uğurlarından dəhşətə gəlib sirri tapmaq üçün tək-tük tərcümələrə başladılar. Yenə "faydalılıq" prinsipi nəzərə alınırdı. "Kafirlərin absurd ideyalarına, mənasız tarixlərinə və murdar kültürü"nə maraq sıfır səviyyəsində. Əvvəlki dövrdən fərqli olaraq, bu dəfə fəlsəfənin də daşını atmışdılar, cəfəng söhbətlərə baş qoşmağa dəyməzdi. Bədii ədəbiyyata da münasibət eyniydi, iqnor, iqnor, iqnor.
Bəlkə müsəlman coğrafiyası bu gün məhz bu iqnorun altını çəkir?
?Skrinşot Bernard Lewisin "What went wrong" kitabından götürülüb.
Bəs bu roman tam olaraq qlobaldırmı? Qlobal sənət dili ilə danışa bilirmi? Mənim şəxsi fikrim budur ki, ən azından buna cəhd var. Və düşünürəm ki, təkcə "Amanabənd" romanı deyil, bütün romanlar, dünya ədəbiyyatı həyatımız bu qədər amanabənd olduğu üçün yeni bir qlobal məzmun və forma yaratmalıdır. Qloballıq o demək deyil ki, nəsə xüsusi bir forma kəşf edəsən və ya güncəl bir mövzudan yazasan. Sənətin qloballığı insanı duymaqdır, hiss etməkdir. Və "Amanabənd"də onlarla belə səhnələr var ki, onları analiz edə bilərəm. Lakin etmirəm. Mətnin sehrini qaçırmaq istəmirəm. Oxucuya həvalə edirəm. Riçard Vaqner ümumi sənət tezisində qeyd edir ki, şeir, musiqi, rəsm kimi sənət növlərini ifadə edən bir əsər lazımdır. Yəni belə bir kokteyl əsər. "Amanabənd" romanında poetik, şeiriyyətli, teatral, vizual səhnələr var. Bu cəhdlər Cavid Ramazanovun daha yetkin və uğurlu mətnlər yaza biləcəyinə ümid verir. "Amanabənd"i oxumağı bütün oxuculara, ədəbiyyat adamlarına və hər bir Azərbaycan yazıçısına məsləhət görürəm".
Burdan belə nəticə çıxmasın ki, yazıda tənqid yoxdur, aydın, əsaslı, hətta kəskin tənqidlər də var, amma onları oxumaq istəyirsinizsə, gərək jurnalı əldə edəsiniz.
Ülvi Babasoyun romanı həqiqi bir ədəbiyyat adamı kimi təmənnasız və dürüstcə qiymətləndirməsi mənim üçün böyük məna kəsb edir. Yazdıqca yazmaq istəyirsən, bundan böyük stimul?
Sevgilər, sayğılar!
Qısa da olsa, kitab haqqında təəssüratımı bölüşəcəm.
Ondan başlayaq ki, nəşrin həcmi çox kiçikdir, cəmi 82 səhifə, göz açıb yumana qədər oxuyub bitirirsən.
Kitabçadakı hekayələrin demək olar, hamısında nəzərə çarpan ümumi bir cəhət var - müəllifin hövsələsizliyi. Bəzi hekayələr elə qəfildən bitir ki, damaqda dad buraxmağa belə fürsət yaranmır. Orxan tərifindən doymadığı hekayənin son cümləsində belə başısoyuqluq eləyib: "Bir də porno-videolara baxanda gözüm sünnətsiz adama sataşsa, Xələf yadına düşürdü, tez videonu dəyişirdim".
Ümumiyyətlə, kitabçada pinti, naşı, kələ-kötür cümlələrin sayı göz deşir: "Bağırgilin evi də, binası elə idi ki, adam burada yaşamaq bir yana, ölməyə də utanırdı", "Səlim müəllimə nə xəbər vermişdilərsə, heç arvadı Nəcibəyə də heç nə deməmişdi".
Səhvlər, səhvlər, səhvlər. Elə bil, Orxan heç məktəbdə heç inşa yazmayıb.
Amma bütün nöqsanlarına baxmayaraq, insafən demək lazımdı ki, topluda istedadla yazılmış parlaq hekayələr var, məsələn, "Maqsud", "Zəngəzur dağlarında", "Gilas mürəbbəsi". Bizim indi "mənəm" deyə sinəsini döyənlərin çoxu belə hekayələr ortaya qoya bilməyiblər.
Orxanın gözardı edilməyəsi iki keyfiyyəti var: həyatın içindən gəlməsi və müşahidə qabiliyyəti. Ola bilsin, həyatın içindən gəlməsi müşahidə qabiliyyətini itiləyib və indi o məhz bunun sayəsində "həyatın dibindəki insanları" üzə çıxarıb göstərməyi bacarır.
İti müşahidə qabiliyyəti bir qələm adamı üçün hava-su kimi vacib xüsusiyyətdir. Əsas odur, Orxanda bu xüsusiyyət var. Hövsələsizliyini yensə və əziyyət çəkib özünü inkişaf etdirsə, yaxşı yazıçı olacaq.
Uğurlar arzulayıram.
Jurnalist xanım deputatdan son jurnalist həbsləriylə bağlı mövqeyini soruşur. Deputat qayıdıb deyir ki, əgər siz Milli Məclisin qabağına gəlib bu sualı soruşursunuzsa, jurnalistlərə qarşı hansı təzyiqdən söhbət gedə bilər.
Eyni deputat bu yaxınlarda Toplum TV-nin efirində "siz məni verilişə çağırırsız, istədiyiniz sualı verirsiz, hansı təzyiqdən söhbət gedə bilər" demişdi.
Azərbaycanda müstəqil jurnalistika bax belə girovdur. Bir müddətədək sən onlara sərf edirsən, sərf etməyəndə də yallah, apar doldur türmələrə. Daha bilmirsən müstəqil jurnalistikanın amanabənd mövcudluğuna sevinəsən, yoxsa kədərlənəsən. Hələ üstəlik camaatdan da tez-tez qınaq eşidilir, hərə bir tərəfdən vedrə bağlayır.
Müstəqillik dövründə hələ heç kim jurnalistlər qədər sözün haqqını verməyib və cəfasını çəkməyib. Bunun özü də bir tarixdi. Bir gün qiyməti bilinəcək əlbət.
P.S. Həbsdəki dostların bayramını təbrik edirəm. Ümidvaram, tezliklə azad olunarlar.
"Qarabağ"ın qələbəsinə təbii ki, sevinirik, amma məni narahat edən bir məqam var.
Həm "Qarabağ"ın, həm də "Qalatasaray"ın oyununda bizim şərhçilər elə hey Avropanı yamanlayırdılar. "Qarabağ"ın oyununda şərhçi ümumiyyətlə, özünü buraxmışdı. Elə bir ucdan eyham vururdu ki, avropalılar pisdirlər, haqqımızda ancaq ədalətsiz qərarlar verirlər. O biri oyunda da şərhçi Avropanı diz çökdürməkdən filan danışırdı.
Yeri gəlib, təkrarlayaq - Türkiyə türklərinin Avropayla tarixi bir ədavəti var, şüuraltlarında hələ də Osmanlı yaşayır. "Avropanı fəth eləmək", "diz çökdürmək", nə bilim "inlətmək" kimi cığalçı ifadələr də onların bu retrospektiv baxışından irəli gəlir. Bizim tariximiz isə tamam fərqlidi. Əgər biz Avropaya retrospektiv baxası olsaq, görərik ki, Ağqoyunlular da, Səfəvilər də Osmanlı əleyhinə avropalılarla dostluq eləyiblər.
Təbii, indi mən demirəm, gəlin yenə eyni şeyi eləyək, amma onlarınkı onlarda, bizimki bizdə. Bizim avropalılarla tarixi düşmənçiliyimiz yoxdur. Əksinə, Avropadan daim ilhamlanmışıq. İlk dövlətimiz - AXC Avropa dövlət modelini əsas götürüb. Tərifindən doymadığımız müasir memarlığımız, musiqimiz, sənətimiz Avropadan təsirlənib. "Qarabağ" da Avropadakı oyunlarına görə milyonlar qazanır.
Üstəlik bizim turbalarımızı yadplanetlilər çəkməyib ki, avropalılar çəkib, neftimizi-qazımızı onlar alır, dolanışığımız bundan çıxır. Əgər avropalıların bizə pisliyi dəyməyibsə, nədi-nədi türklərə oxşamaq, onlar kimi olmaq istəyirik deyə mütləq Avropanı inlətməliyik? Olmaz belə, vallah olmaz, insaf da yaxşı şeydi.
"Apatiya"nı izlədim. Nə şişirdilən kimi şedevrdir, nə də bəzilərinin dediyi kimi ən pis filmdir, hətta Azərbaycan kino tarixinin ən qaramat filmi belə deyil.
Birinci yaxşı tərəfini deyim. Aktyorlar hər nə qədər ssenari axsasa da, öz rollarının öhdəsindən gələ biliblər. Hansısa səhnədə bu aktyorun davranışı ifratdır və ya zəifdir demək müşkül məsələdir. Burda əlbəttə rejissorun aktyorluqdan gəlməsi faktoru da var. Lazım olanı onlardan almağı bacarıb. Digər tərəfdən montaj və ritm olaraq da, hər nə qədər təkrar hissi yaradan kamera bucaqları olsa da, özünü izlətdirməyi bacarır. Sadəcə tək məkanda çəkməyin çətinliyi odur ki, yeni fəndlərlə yeni nəfəsliklər açmalısan. Ancaq "Apatiya"da bu demək olar yoxdur. Bütün obrazları dəfələrlə eyni bucaqdan görürük, eyni yerdə görürük. Ona görə təkrarlar obrazla əlaqədən daha çox, obraza uzaqlaşmağa gətirib çıxarır. Bir çox yerlərdə musiqidən gen-bol istifadə edərək situasiyanın dramatikliyinə vurğular var, ancaq klip sərhəddinə gəlib çıxmadığı üçün məqbul saymaq olar.
Məncə, filmin əsas problemi ideyası, daha doğrusu ideyasızlığıdır. Müəllif onu narahat edən bir şey haqqında danışır, ancaq danışdığı şeyin nədən qaynaqlandığını sual altına almır, dərininə enə bilmir. Təxminən, televizorda dayanmadan danışan Xoşqədəm və Elgiz verilişi səviyyəsində bədii həll verir. Sadəcə faciə var, bu faciənin səbəbləri, insanları bu hala gətirib çıxaran məqamlar, onların məişətinin altında yatan nüanslar yoxdur. Xoşqədəmin verilişini tv-yə qoyub, tamaşaçının gözünə soxarcasına gecə-gündüz insanların buna baxmasının təsviri həll deyil. Bu sadəcə nəticədir. İncəsənət isə təkcə nəticələrdən yox, həm də səbəblərdən danışır.
Filmin dramaturgiyası da zəifdir. Əslində, buna dramaturgiya da demək olmaz. Bu, əhvalatçılıqdır. Filan yerdə, filan vaxt, filan hadisə baş verib nəqlidir. Obrazlar inkişaf etmir, onların arkaları yoxdur. Məncə, Hikmət özü bunu hamıdan yaxşı bilməli idi. Çünki aktyorlar əksərən öz rollarına hazırlaşarkən obrazlarının getdiyi xətti öyrənməyə çalışırlar ki, ona yaxşı həll verə bilsinlər. Burada isə obrazlar başladıqları kimi də bitirlər. Buna görə də, obrazlar xarakterdən daha çox karikaturaya çevrilirlər.
Bir də filmin hekayəni qurduğu yer heç cür ümumiləşə bilmir. Yəni bir adam evdə oturub, müxtəlif problemləri var. Əgər rejissor bu adamın problemini cəmiyyətin bütün təbəqələrinə xas, cəhənnəm heç olmasa müəyyən bir təbəqəsi üçün xarakterik kimi görürsə, onu çatdırmaq üçün həll tapmalıdır. Burada isə biz sadəcə ətrafdan qopmuş, emosional kanalları bağlanmış, tənha bir adam görürük. İzləyəndə insan düşünür ki, bu adam yeganədir, türklər demiş, biricikdir, Azərbaycan cəmiyyəti üçün xarakterik deyil. Halbuki, məncə, rejissor bu obrazın xalq üçün xarakterik olduğuna eyham vurmaq istəyir, ancaq bu arzusunda uğursuz olur.
Əvvəldə "Apatiya" ən qaramat filmimiz deyil dedim, çünki ondan daha qaramat bir filmimiz var. "Apatiya"da baş verənlər onun yanında heç nədir. Söhbət Hüseyn Mehdiyevin "Şahid qız" filmindən gedir. Özündə detektiv və neo nuar janrının elementlərini daşıyan bu film insana bircə xoş göstərmir. Filmin əvvəlində çirkab sulara görə uşaqlar zəhərlənir və ölür, sonra həmin suyu buraxan zavodun rəhbəri ölür, buna şahid olan adamlar ölür, bu məsələni araşdıran müstəntiq güllələnir, sonra da ən axırda Şahid qız qalır. O da filmin sonunda qaranlığa doğru addımlayır, ardınca düşən qatillər onu da öldürürlər. Bircə ümid işığı yoxdur. Ya da var. Film boyunca biz mitinqlər keçirən, etiraz edən insanları görürük. Onlar hər yandadılar. Eynilə "Apatiya"dakı Xoşqədəm və Elgiz kimi bir an obrazları tək qoymurlar. Ekran qaralanda isə bu məsələ öz həllini tapır. Belə bir yazı çıxır: Belə olub, belədir və həmişə belə olacaq, əgər biz demokratik hüquqi dövlət qura bilməsək. Müəllif təkcə hadisəni olduğu kimi köçürməməli, həm də onu yozmağı bacarmalıdır. Əks halda, elə Xoşqədəmvari bir nəticə ortaya çıxacaq.
Mən başa düşmürəm, hökumət jurnalistləri, aktivistləri, siyasətçiləri bir ucdan türmələrə doldurur, yazıçılara niyə dəyib dolaşmır bəs?
Halbuki yazıçılar da qaşınırlar. Məsələn, götürək elə Seymur Baycanı. Neçə ildir ölkədən qaçıb gedib, bayquş kimi oturub Tiflisdə. İtdən çörək istəyir, amma hökumətimizin uğurlarını həzm eləmək istəmir ki istəmir.
Cəzalandırmaq üçün bizimkilərin ora əli çatmır deyəsən, amma hər halda variant tapılar. Nə qədər boş-boş kitab çıxarıb Seymur, konveyerlə, onları görk olsun deyə Bakının mərkəzində yandırmaq olar.
Yaxud götürək üsyankar yazıçı Kəramət Böyükçölü. Axır vaxtlar gözə batmamağa çalışır, yeyib-içib kökəlir. Yaxşı şaqqalamaq olar onu. Özü də İmişlidəndir, baxmayın vid-fasonuna, o tərəflərin əti dadlı olur, qazana salıb soyutma eləmək, üstünə duz səpib yemək olar.
Mən əslən Zaqataladanam, bizim tərəflərin əti bərk və dadsız olur, yoxsa özümü təklif edərdim. Kəraməti isə gərək vaxtında qocalmadan, əti zay olmadan kəsib yesinlər. İmişlili yazıçının qovurması da əla gedər vallah, delikates! ?
Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)
Last updated 1 day, 19 hours ago
?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...
? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler
? Ödənişli reklam qəbul olunur - @HiDearly
Last updated 2 months, 4 weeks ago