Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

Erkin Gadirli

Description
Yalnız düşüncələr
Advertising
We recommend to visit

Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)

Last updated 1 day, 6 hours ago

🖋️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...

📚 PDF kanalımız: @kitabchi
🗣️ İstək və müzakirə qrupumuz: @kitabseverler

💸 Ödənişli reklam qəbul olunur - @HiDearly

Last updated 2 weeks, 1 day ago

𐍃ᥲᥒκi ɦᥱç δiᴛⲙəsiᥒi isᴛəⲙəɗiyiᥒ ⲙᥙsiqiᥒiᥒ s᧐ᥒ ᥒ᧐ᴛᥣᥲrı ᧐ᥣ göᤁüⲙɗᥱ🪐

¹⁵'⁰¹'²⁰²³🪐

Last updated 3 days, 14 hours ago

9 months ago

⬆️⬆️⬆️

All lawyers know that there is no text without a context. Mr. Ocampo is supposed to know that too. Yet, the text he compiled in his so-called expert opinion showed no sign of connectedness with the context on the ground.

To be continued.

9 months ago

Newly invented genocide: starvation without hunger.

Part I. The context.

The former prosecutor of the ICC, Luis Gabriel Moreno Ocampo, in his recently released so-called expert opinion, accused Azerbaijan of committing the crime of genocide against the Armenian population of the Azerbaijani region of Karabakh. He specifically referred to the Article 2 (c) of the Convention on the Prevention and Punishment of the Crime of Genocide. Since there were no killings, he concluded, the only available option was the following:

(c) deliberately inflicting on the group conditions of life calculated to bring about its physical destruction in whole or in part.

Indeed, it is possible to commit genocide without killings, as there are four more material elements in the definition of this crime. Three of them are evidently irrelevant, so Mr. Ocampo tried to have recourse to the element defined in the aforementioned sub-paragraph (c).

Here, I am putting aside the main problem in Mr. Ocampo's report which reveals his bias, namely rushing into conclusions without proper investigation. Instead, for the sake of deliberation, I will try to focus on the substance of his accusation.

Let us all be reminded that there are four protected groups in the Convention: 1) national; 2) ethnical; 3) racial; 4) religious. Which group do the Armenians in Karabakh fall into?

For the time being, as a still remaining result of the previous occupation of the Azerbaijani territories by the Armenian armed forces, the Armenians in Karabakh hold passports of the Republic of Armenia. Given that the government of Azerbaijan considers them Azerbaijani citizens and is willing to re-integrate them into the Azerbaijani society, the Armenians in Karabakh cannot be viewed as a national group here. The Azerbaijan's willingness should have a qualifying effect.

Armenians are Christians, but the conflict between Armenia and Azerbaijan has never had religious connotation whatsoever. So, in this context, the Armenians in Karabakh are not a religious group. The racial element is evidently irrelevant. Thus, in this context, the only plausible definition of the Armenians in Karabakh as a group is ethnical.

Mr. Ocampo admits that the current population of Karabakh is 100% Armenian. Yet, he does not bother himself by looking for the reasons of such an unusual composition of the local population. Whether he is aware of the reasons or not, the fact that Armenians are currently the only ethnic group in Karabakh should not have been taken for granted by him.

The context is crucial. What is important to have in mind here is that the Azerbaijani authorities have never even attempted to isolate Armenians in Karabakh. On the contrary, it was Armenians who ethnically cleansed the entire region, and as a result of so doing they became the only inhabitants thereof. The occupation and ethnic cleansings commited by the Armenian armed forces on the territory of Azerbaijan also led to the complete cutting off of Karabakh from the economic and social infrastructure of Azerbaijan.

Now, after the liberation of the previously occupied territories, the government of Azerbaijan has been implementing various projects to restore all communications and infrastructures with a view to re-integrating the Karabakh region and all its inhabitants into the Azerbaijani society.

Nevertheless, the context is further complicated by the following facts:

1) Azerbaijan does not yet control the entire Karabakh region;

2) the Russian peace-keeping forces illegally prevent access of the Azerbaijani authorities to the local Armenian population;

3) the de-facto Armenian administration of the Russian-controlled Karabakh, which is still composed of the separatist leaders, rejects any proposal to negotiate and co-operate with the Azerbaijani authorities, including on humanitarian issues;

4) the remnants of the Armenian armed forces are still illegally present in the Russian-controlled areas of Karabakh, thus creating very serious security threats to the region.

⬇️⬇️⬇️

9 months ago

Ermənilərin dilinə bir söz düşüb, deyillər guya onlar avtoritar siyasi rejimi olan Azərbaycanda yaşaya bilməzlər. Buna cavab olaraq Azərbaycanın demokratik ölkə olduğunu deyib müdafiəyə keçənlər olur. Çox nahaq yerə, çünki bu, ritorik bir tələdir.

Ritorik tələ, adlandırma-utandırma hədəfi olan bir tərəfin özünü müdafiə etmək üçün ona hücum edənin anlayışlarını qəbul etməsidir. Örnəyi, birisi başqasını "dəli" adlandırır, o da başlayır özünün ağıllı olduğunu isbatlamağa.

Bu baxımdan, ermənilərin Azərbaycanda guya yaşaya bilməyəcəklərini əsaslandırmaq üçün ölkəmizin demokratik olmadığına dair iddialarına cavab olaraq bizdə demokratiyanın olduğunu sübut etməyə girişmək yanlışdır, ritorik tələdir. Bu tələyə düşən bir qayda olaraq uduzur.

Burada mövzu bizdə demokratiyanın olub-olmaması deyil, ermənilərin demokratik olmayan bir ortamda yaşaya bilib-bilməməsidir. Məsələyə bu bucaqdan baxanda aydın olur ki, ermənilərin bizə qarşı "demokratiya arqumenti" içiboşdur. Ermənilərin bir sıra qeyri-demokratik ölkədə, özü də bu sarıdan bizdən daha geridə olan ölkələrdə dinc və rifah içində yaşaya bilmələri danılmaz bir faktdır. Örnəyi, Rusiya, İran, Orta Şərq ölkələri.

Demokratiya önəmlidir və biz onu quracağıq. Bununla belə, mənaları təslim etmək olmaz. Ermənilərin davası demokratiya və insan haqları davası deyil, torpaq və türklərə qarşı nifrət davasıdır.

10 months ago

⬆️⬆️⬆️ Əvvəli yuxarıda

2) Seçki islahatı.

Burada, əsasən, seçki sistemində önəmli bir dəyişikliyin olacağı gözlənilir - proporsional seçkinin bərpası. 1995-2002 illərdə proporsional seçki olub bizdə. Milli Məclisin 125 deputatının 25-i proporsional qaydada seçilirdi. 2002-də keçirilmiş referendumda onu ləğv etdilər. İndi yenidən qaytarılacağı söhbəti vardır. Hansı mütənasıblikdə? İdealda parlamentin yarısı proporsional seçilməlidir, amma gerçəklikdə başqa cür də ola bilər. Layihəni görmədən konkret nəsə demək çətindir.

Proporsional seçkilərdə seçicilər, majoritar sistemdə olduğu kimi konkret namizədlərə deyil, partiyalara səs verirlər. Partiyalardan parlamentə kimlərin keçəcəyi isə, partiyaların tərtib etdikləri siyahılardan və seçkidə yığdıqları səslərin mütənasibliyindən asılı olacaq.

Örnəyi, proporsional qaydada seçilən yerlərin sayı 100-dür, partiya isə 17% səs yığır, deməli, ən sadə hesablamaya görə, həmin partiya 17 yer alır parlamentdə. Amma bu, ən sadə hesablamadır, örnək üçün. Gerçəklikdə əlavə şərt və meyarlar olur (baraj və s.). Odur ki, yekun yerlərin sayı dəyişə bilir.

Proporsional seçki sistemi ölkədə siyasi partiyaların önəmini və təsirini artıracaq, partiyalardan kənar, heç bir siyasi mənsubiyyəti və məsuliyyəti olmayan, amma böyük imkanları (pulu, xaricdən dəstəyi və s.) olan şəxslərin siyasi fürsət əldə etməsini əngəlləyəcək. Üstəlik, indiki majoritar sistemi ölkəmizdə özünü doğrultmadı. Bunun bir sıra səbəbi vardır, onlar haqqında ayrıca yazmaq gərəkdir.

3) Parlament islahatı.

Seçki islahatı parlament islahatını da şərtləndirəcək. Söhbət heç də yalnız deputat sayının artırılmasından getmir. Onu proporsional seçki sisteminə keçmədən də etmək olar, demoqrafik mülahizələrə görə (əhali sayının artımı).

Parlamentin ikiotaqlı ola biləcəyi istisna olunmur. Əslində, güclü Prezident hakimiyyəti olan bir ölkədə birotaqlı parlament yetərli deyil, onun zəif olacağı öncədən bilinir. Bunun isə siyasi riskləri vardır. İkiotaqlı parlamentlərdə yuxarı otaq xalqın seçdiyi güclü aşağı otaqla xalqın seçdiyi güclü Prezident arasında bir bufer (arakəsmə) rolunu oynayır. Bu yazını çox uzatmamaq üçün, bunun da izahını ayrıca bir yazıda vermək gərəkdir.

4) Nazirlər Kabineti.

İndiki konstitusiyaya görə Nazirlər Kabinetinin özünəməxsus heç bir səlahiyyəti yoxdur. Konstitusiyada yazıldığı kimi, Nazirlər Kabineti Prezidentin yanında yüksək icra orqanıdır. Yəni, Nazirlər Kabinetinin bütün səlahiyyətləri, əslində, Prezidentidir. Bu isə o deməkdir ki, Nazirlər Kabinetinin konstitusion statusu çox zəifdir, ona görə də o, hökumət ola bilmir.

Nazirlər Kabinetini saxlamaq niyyəti varsa, onu Prezidentdən ayırıb parlamentə tabe elətdirmək gərəkdir (Fransa örnəyi). Elə bir niyyət yoxdursa, onda onu ləğv etmək lazımdır (ABŞ örnəyi).

Hər bir örnəyin öz müsbət və mənfi yan təsirləri vardır. Onları da ayrıca bir yazıda izah etmək lazım olacaq. Onsuz da bu yazı çox uzandı, deyəsən. Erkən seçkilər ehtimalı haqqında da yazı olacaq.

10 months ago

Yaxın bir il yarım müddət ərzində (2023-2025) ölkəmizdə dörd seçki dönəmi olmalıdır: 1) referendum (2023-ün payızı); 2) Mili Məclis (2024-ün noyabrı); 3) bələdiyyələr (2024-ün dekabrı); 4) Prezident (2025-in apreli). Burada göstərilmiş müddətlər növbəti seçki müddətləridir, amma seçkilərin növbədənkənar olabilmə ehtimalı da yüksəkdir. İstənilən halda çox qısa bir zamanda strateji önəm daşıyan dəyişikliklər gözlənilir.

Öncə referendum. Bu haqda çox və çoxdan danışılır. Bunun obyektiv səbəbi vardır - sistem köhnəlib, onun idari xərcləri və siyasi riskləri artıb, səmərəliyi isə azalıb. Üstəlik, Vətən Müharibəsindəki qələbədən sonra gələcək dönəmlər üçün bu sistem yararsızdır.

İyun ayında Milli Məclis dövlət büdcəsinə bir sıra dəyişikliyi təsdiqlədi. O dəyişikliklərin arasında 2023-ü ilin qalan hissəsində seçki xərclərinin az qala 50% artırılması var. Bu, böyük bir artımdır və referendumun məhz bu il olacağını söyləməyə tutarlı əsas verir. Boşuna bu qədər pul ayırmazlar.

Referendum konstitusion islahatlarla bağlı olacaq. Tam yeni bir konstitusiyamı olacaq, yoxsa indikinə dəyişikliklər ediləcək? Ritorik sual deyil. İndiki konstitusiyada bir çox maddələrə əlavə və dəyişikliklərin edilməsi qadağandır. Konstitusiyanın mətni bunu aydın qadağan edir. Odur ki, əgər həmin maddələrə dəyişiklik etmək niyyəti varsa, onda gərək tam yeni bir konstitusiya qəbul olunsun. Bu, prinsipcə mümkündür, amma buna gediləcəkmi? Burasını söyləmək çətindir. Bu seçimin həm müsbət, həm mənfi yanları vardır. Riskləri də az deyil. İndiki konstitusiyaya dəyişikliklərin ehtimalı daha yüksəkdir.

Nələr dəyişə bilər? Bu suala cavab vermək üçün siyasi elitanın içində olmaq gərəkdir. Belə bir imkanın olmadığı bir ortamda ancaq güman etmək qalır.

Sırf hüquqi arzularla düşünsək (latıncası - de lege ferenda), aşağıdakı gümanlar ağlabatan görünür:

1) Yerli özünüidarəetmə sistemin köklü islahatı.

İcra hakimiyyətinin başçıları təsisatı ləğv olunacaq. Bu təsisatı hələ 1991-ci ildə Prezident olmuş Ayaz Mütəllibov yaratmışdı. Gördüyünüz kimi, bu təsisat indiki konstitusiyadan öncə qurulub və o vaxtdan heç dəyişməyib. Çox köhnə və səmərəsiz bir sistemdir. Mütəllibov onu SSRİ-də olmuş rayon və şəhər xalq deputatları və onların icraiyyə komitələrinin yerinə qurmuşdu. Faktiki olaraq isə, yerli icra başçıları keçmiş kommunist partiyasının rayon və şəhər birinci katibləri yerini tutmuş oldular. Bir sözlə, bu sistemlə bundan sonra irəliyə getmək alınmayacaq. Ləğv olunmalıdır.

Bəs, onun yerinə nə qurulsun? Öncə bələdiyyələr böyüdülməli və gücləndirilməlidir. Bunun üçün onları dövlət hakimiyyəti sisteminə salmaq lazımdır. İndiki konstitusiyaya görə bələdiyyələr dövlət hakimiyyəti sisteminə aid deyillər. Ayrıca, bələdiyyələrin statusu və səlahiyyətləri qanunla, icra başçılarının statusu və səlahiyyətləri isə Prezidentin təsdiq etdiyi əsasnamə ilə nizamlanır. Yəni, burada bir legitimlik böhranı da vardır.

Ölkənin inzibati-ərazi bölgüsü də dəyişdirilməlidir. Ümumi ərazisi onsuz da kiçik olan bir ölkədə 66 rayona, 14 respublika tabeli şəhərə və 12 şəhər rayonuna nə gərək var? Hərəsində də icra başçısı və s. İdari xərclər, korrupsiya ehtimalı, siyasi risklər və s. baxımından yararsız bir sistemdir. Amma burası sonranın işidir, konstitusiyaya dəyişiklik tələb etmir. Referendumda bələdiyyələr böyüdülər və gücləndirilərsə, inzibati-ərazi dəyişikliyi cari qanunvericilkdə etmək asan olacaq.

İnzibati-ərazi vahidlərin arasında Naxçıvan Muxtar Respublikası da var. Onun ləğv oluna biləcəyi ehtimalı ciddi düşünülürsə, onda onu ancaq konstitusion referendumla etmək mümkün olacaq. Bunun da müsbət və mənfi yan təsirləri ola bilər. Layihəni görmədən nəsə demək doğru sayılmaya bilər. Bununla belə, kontekst aydındır.

İcra başçılarının ləğvindən sonra yerli iqtisadi, sosial və mədəni məsələlər keçəcək bələdiyyələrin səlahiyyətinə. Siyasi riskləri idarə etmək üçünsə hazırda sınaqdan keçirilən Prezidentin yerlərdə səlahiyyətli nümayəndələri təsisatı düşünülür (vali sayağı).

Ardı aşağıda

⬇️⬇️⬇️

10 months ago

Ermənilərin Xankəndidə bu gün keçirdikləri "etiraz mitinqi"ndə rusca çıxış edənlərin biri belə fikirlər söylədi:

1) Azərbaycan müharibə cinayətlərini beynəlxalq hüquqa uyğun olaraq törədir;

2) BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı sanksiya tətbiq etməlidir.

Birinci fikir ilk baxışdan dil çaşmasına oxşasa da, ikinci fikirlə birlikdə oxunanda ermənilərin qurduğu arqumentlərdə tipik bir əlaməti bildirir - hüququ düşünmədən danışmaq.

Gerçəkdən də, hüquq ermənilərin düşüncələrində ən zəif yerdir. Mitinqdə söylənilmiş o iki fikirdən bunu bir daha aydın görmək olur.

Hüquqa uyğun cinayət məsələsi qalsın bir qırağa, Azərbaycana qarşı sanksiyaların həm də Qarabağdakı ermənilərə qarşı qoyulmuş sanksiya olacağını ağıllarına gətirə bilmirlər. Qarabağ Azərbaycandır axı. Bütün dünya da bunu nəinki tanıyır, artıq bunu açıq deyir, çünki beynəlxalq hüquqa görə bu, belədir və belə də olmalıdır.

Nə qədər ki ermənilər hüquq çərçivəsində düşünmürlər, onların problemləri ancaq artacaq.

10 months ago

Müqəddəs Taxt-Tacın Dövlət Katibi Azərbaycana rəsmi səfərini başa vuraraq Ermənistana getdi. Başqa dövlətlərin xarici işlər nazirləri ölkəmizə və bölgəmizə gələndə, onların səfərləri haqqında daha çox xəbər yayılır, şərh verilir. Müqəddəs Taxt-Tacın rəsmilərinin səfərlərinə isə ayrılan diqqət nisbətən az olur. Güman ki, bunun aşağıdakı səbəbləri vardır:

1) Müqəddəs Taxt-Tacın nə iqitsadi gücü var, nə hərbi;

2) Müqəddəs Taxt-Taca stereotipik olaraq dini gözlə baxılır;

3) Müqəddəs Taxt-Tac siyasətini daha çox gizli yollarla yürüdür.

Bunların hamısı öz yerində, amma Müqəddəs Taxt-Tacın beynəlxalq münasibətlərdə özünəməxsus və önəmli yeri vardır.

İdeokratik dövlət olduğuna baxmayaraq, Müqəddəs Taxt-Tacın xarici siyasəti realistikdir. Burası paradoks kimi görünə bilər. Məsələ ondadır ki, Müqəddəs Taxt-Tacın xarici siyasət doktrinasına görə, günah ancaq insanlara aid oluna bilər, dövlətlərin günahı olmur. Bunun izahını insanların ikili varlığına bağlayırlar. İnsanların həm budünyalığı, həm də odünyalığı vardır. Dövlətlərin odünyalığı olmadığından, günah anlayışının onlara aid etməyin heç bir anlamı qalmır.

Günah anlayışının yalnız dinə aid olduğunu qəbul etsək belə, dövlətlərin məsuliyyətsizliyinə çox yaxın olan belə bir nəticə siyasət və hüquq haqqında dünyəvi nəzəriyyələr üçün də problem yaradır. BMT Baş Məclisinin seçdiyi Beynəlxlaq Hüquq Komissiyası 1949-cu ildən 2001-ci ilə qədər dövlətlərin beynəlxalq hüquqda məsuliyyətinə dair bir sənəd üzərində işləyib. Təsəvvür edirsiniz, 52 il ərzində bir sənəd üzərində işləmək! Bunun özü məsələnin necə də çətin olduğunu göstərir.

Müqəddəs Taxt-Tac bu məsələni radikal çözüb - dövlətlərin günahı olmur. Belə bir yanaşmanın kəskin mənfi nəticələri olub. Örnəyi, Müqəddəs Taxt-Tac İtaliyada faşist, Almaniyada nasist rejimlərini tanıyıb, onlarla müəyyən əməkdaşlığı da olub. Paradoksal görünsə də, məhz elə bu yanaşmanın müsbət nəticələri də az olmayıb. Örnəyi, Fransanın Əlcəzairdə və Madaqaskarda törətdiyi kütləvi qırğınların dayandırılması, Çilidə, Argentinada, Polşada diktaturaların dinc yolla hakimiyyətdən getməsi, ABŞ-la Kuba arasında diplomatik əlaqələrin bərpası və s.

Müqəddəs Tax-Tacın başqa dövlətlərə ideoloji gözlə baxmaması heç də o demək deyil ki, onun ideoloji prioritetləri yoxdur. Müqəddəs Taxt-Tacın xarici siyasət prioritetlərindən biri dünyada katoliklərin və katolik kilsələrin təhükəsizliyi və inkişafıdır. Bu kontekstdə Azərbaycanla Ermənistanı müqayisə etsək, Azərbaycan daha cəlbedici və yaxın sayılır Müqəddəs Taxt-Tac üçün. Niyə?

Məsələ ondadır ki, burada, təkamül nəzəriyyəsinin dililə desək, çeşidiçi rəqabətin özəlliyi üzə çıxır. Müsəlman ölkəsi olan Azərbaycan üçün katolik dünyagörüşü rəqib sayılmır. İstər doktrinal baxımdan, istərsə də tərəfdar sayının nəzərə alınmayacaq dərəcədə azlığı üzündən. Xristian ölkəsi olan Ermənistan üçün, özəlliklə erməni kilsəsinin gözündə, katolik dünyagörüşü potensial təhlükə kimi görünür. Hələ Gürcüstanı demirəm. Roma Papası Gürcüstana gələndə, gürcü kilsəsinin patriarxı onunla görüşməkdən belə imtina etmişdi, katolisizmi doğru təriqət saymadığına görə. Bütün bunlar Müqəddəs Taxt-Tacla münasibətlərdə Azərbaycana çeşidli üstünlüklər qazandırır. Öz yanlışımız olmasa, işlərimizin yaxşı getməsi üçün uyğun bir ortam var bölgəmizdə.

10 months ago

Azərbaycanın Qarabağda müvəqqəti olaraq Rusiyanın nəzarətində olan yerlərdə hərbi güc tətbiq etmək üçün iki önəmli əsası vardır:

1) ermənilərin qanunsuz silahlı birləşmələrinin orada hələ də qalması;

2) həmin birləşmələri oradan çıxarmaqla bağlı öhdəliyin Rusiya tərəfindən hələ də yerinə yetirilməməsi.

Bu əsaslardan birincisi həm də müharibə üçün əsasdır (casus belli).

İkinci əsasın konteksti isə belədir. Azərbaycanın Qarabağda hərbi güc tətbiq edəcəyi təqdirdə Rusiyanın oradakı əsgərlərinin bizə cavab qaytarması üçün heç bir hüquqi əsası olmayacaq, çünki ora Rusiyanın, ya da onun hərbi müttəfiqinin suveren ərazisi deyil, hücum da rus əsgərlərinə qarşı yönəlməyəcək.

Barış anlaşmasının yoxluğu və Qarabağda ermənilərin qanunsuz silahlı birləşmələrinin qalması üzündən Ermənistan hələ də düşmən dövləti sayılır. Bu isə o deməkdir ki, ermənilərin etdiklərini təxribat adlandırmaq doğru deyildir. Daha doğrusu, yersizdir. Təxribat gözlənilməyən tərəfdən edilir. Düşmənin etdikləri təxribat deyil, düşmənçilikdir. Adı üstündə. Düşməndən isə hər zaman hücum gözləmək gərəkdir. Anlayışları qarışdırmaq olmaz.

"Təxribat" sözü gücümüzün cavab tətbiqinə haqq qazandırmaq üçün işlədilirsə, onda buna da heç bir gərək yoxdur. Azərbaycana bəhanə lazım deyil, çünki yuxarıda göstərilmiş iki hüquqi əsasımız var.

Bəhanələrə gəlincə, tarixdə müharibələrin başlaması üçün çox bəhanələrdən istifadə olunub. Aralarında qəribə adlarla yadda qalanları da var. Örnəyi, "Donuz müharibəsi" (ABŞ-Britaniya, 1859-1872/74, "Pig War"), ya da "Sahibsiz it müharibəsi" (Yunanıstan-Bolqarıstan, 1925, "War of the Stray Dog"). Burada bir şeyi bilmək gərəkdir - bəhanə özlüyündə haqlı əsas ola bilmir.

Odur ki, bir daha, Azərbaycana bəhanə gərək deyil, Azərbaycanın güclü hüquqi əsasları vardır.

Orası ayrı ki, gücün tətbiqi haqqında qərar hər zaman siyasidir, siyasətdə isə hüquqdan başqa amillər də araya girə bilir.

10 months ago

Türkiyənin İsveçin NATO-ya üzv olmasına razılığını verməsinin çox böyük geopolitik önəmi vardır.

NATO ilə bağlı istənilən məsələnin kökündə iki təməl şərtin olduğunu bilmək gərəkdir: 1) NATO-nun əsas gücü ABŞ və Böyük Britaniyadır; 2) ABŞ və Böyük Britaniya üçün əsas məqsəd dəniz yollarına nəzarətdir.

Bir örnək verim. Deyək ki, biz xəritəyə baxırıq. Xəritəni necə oxuyuruq, bölgəmizdə nəyi görürük? Çoxlarımız öz ölkəmizi, Gürcüstanı, Ermənistanı, Türkiyəni, Rusiyanı, İranı, daha geniş götürsək, Orta Asiyanı, İraqı, Səudiyyə Ərəbistanını və s. görür. Anqlo-sakslar da eyni xəritəyə baxır, amma onu fərqli oxuyur, bölgəmizi başqa cür görürlər. Onların gördükləri quru sahələri deyil, dənizlərdir - Aralıq dənizi, Qara dəniz, Xəzər dənizi, Fars körfəzi və Qırmızı dəniz. Bizim üçün dəniz qurunun bitdiyi yerdir, anqlo-sakslar üçün isə quru dənizin bitdiyi yerdir. Bu, çox önəmli dünyagörüşü fərqidir. Bir çox məsələdə, o cümlədən və özəlliklə NATO məsələsində mütləq nəzərə alınmalıdır.

NATO qurulanda və qurulandan sonra bir neçə onillik ərzində güclü SSRİ vardı. ABŞ-la Böyük Britaniya yaxşı anlayırdılar ki, Baltik və Qara dənizlərdə SSRİ hakimdi. Ona görə də NATO-ya Norveçi və Türkiyəni aldılar ki, SSRİ-nin, müvafiq olaraq, Baltik dənizindən Quzey dənizə və Qara dənizdən Aralıq dənizinə yolu bağlansın. Norveç həm də Barents dənizinə nəzarət üçün önəmli idi.

İsveç neytral qalırdı, Finlandiya isə tamamilə SSRİ-dən asılı duruma gətirilmişdi.

SSRİ dağılandan sonra, öncə Litva, Latviya və Estoniya NATO-ya üzv oldular. Bununla Rusiya Baltik dənizində önəmli limanlarını itirmiş oldu. Amma İsveçin və Finlandiyanın NATO-nun dışında qalması, Baltik dənizində önəmli oyunçu olmaq üçün Rusiyaya hələ də fürsət qazandırırdı. Son gedişatın nəticəsində o fürsətlər də əldən getdi. Finlandiya artıq NATO-nun üzvüdür, İsveç də bu yaxınlarda üzv olacaq. Beləliklə, Baltik dənizinə nəzarət tamamilə keçəcək NATO-nun (ABŞ-la Böyük Britaniyanın) əlinə. Burası belə.

İndi gəlin Qara dənizə baxaq. SSRİ dağılandan sonra Rumıniya və Bolqarıstan NATO-ya üzv oldular. Bununla Rusiyanın Qara dənizdə fürsətləri önəmli dərəcədə azaldı. Amma Baltik dənizdən fərqli olaraq, Qara dənizdə Rusiya hələ də oyunçu olmaq iddiasında qalır. Öncə Gürcüstanın Abxaziya bölgəsini işğal etdi. Niyə Rusiya Abxaziyanı işğal etdi, Acariyanı isə yox? Ona da real imkanı vardı axı. Məsələ ondadır ki, Acariyanın Qara dəniz sahillərində dəniz dayazdır, orada böyük hərbi gəmilər üçün liman tikmək mümkün deyil. Abxaziyanın sahillərində isə dəniz yetərincə dərindir və Rusiya yaxşı bilir ki, NATO oraya gələrsə, orada ABŞ gəmiləri lövbər salacaqlar. Ona görə də Abxaziyanı əldən vermək istəmir. Kırım da həmin məsələdir. Oranın sahillərində dəniz yetərincə dərindir və böyük hərbi limanlar üçün yararlıdır. Rusiyanın özünə aid Qara dəniz sahillərində, müqayisə üçün, dəniz dayazdır, ona görə də Rusiya Kırımı işğal etdi və əldən vermək istəmir.

Dənizlərə nəzarət strateji baxımdan çox önəmlidir. Rusiyanın Gürcüstana və Ukraynaya təcavüzünün əsas məqsədi də bu idi - NATO-nu Qara Dənizə buraxmamaq. Rusiya Baltik dənizini, demək olar ki, tamamən itirdi. Qalır Qara dəniz. Onu da itirməyə doğru gedir. Qara dənizdə ən güclü donanma Türkiyənin donanmasıdır artıq.

10 months, 1 week ago

Dünən paylaşdığım yazıya örnək olaraq bu çıxışımı paylaşıram. Milli Məclisdə də oxuya bilməklə oxumağı bacarmaq arasında fərqi görməmək halları olur. Həmin fərqi izah etməli oldum o gün. Belə hallar təəssüf doğursa da, təəccüblü deyil, çünki bütün cəmiyyətin problemidir.

We recommend to visit

Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)

Last updated 1 day, 6 hours ago

🖋️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...

📚 PDF kanalımız: @kitabchi
🗣️ İstək və müzakirə qrupumuz: @kitabseverler

💸 Ödənişli reklam qəbul olunur - @HiDearly

Last updated 2 weeks, 1 day ago

𐍃ᥲᥒκi ɦᥱç δiᴛⲙəsiᥒi isᴛəⲙəɗiyiᥒ ⲙᥙsiqiᥒiᥒ s᧐ᥒ ᥒ᧐ᴛᥣᥲrı ᧐ᥣ göᤁüⲙɗᥱ🪐

¹⁵'⁰¹'²⁰²³🪐

Last updated 3 days, 14 hours ago